Moskvada Heydər Əliyevin xatirəsi yad olunub
Moskvada ümummilli lider Heydər Əliyevin xatirəsi yad olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Moskva Vilayətinin Domodedovo şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsi anılıb. Ulu öndərin vəfatının ildönümü ərəfəsində təşkil olunmuş “Rusiyanın böyük dostu Heydər Əliyev” adlı konfransda siyasi liderin həyat və fəaliyyəti ilə bağlı çıxışlar edilib, Heydər Əliyevi şəxsən tanıyan və onunla birgə çalışmış insanlar xatirələrini bölüşüb. Konfransda Rusiyanın görkəmli dövlət və siyasi xadimləri, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin nümayəndələri, Domodedovo şəhərinin rəhbərliyi, deputatları, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, ÜAK-ın üzvləri iştirak edib.
Domodedovo şəhər dairəsi deputatlar sovetinin üzvü Əlizaman Rəhimov Heydər Əliyevin rəhbərliyi altında Rusiyada həyata keçirilmiş irimiqyaslı layihələrdən söz açaraq, onun Rusiya iqtisadiyyatına verdiyi töhfələri sadalayıb. Bu sırada Heydər Əliyevin böyük səyi nəticəsində Ulyanovskda tikilmiş və bu gün vilayəti şərqlə qərb nəqliyyat qovşağına çevirmiş körpünün inşasını xüsusi vurğulayıb.
Daha sonra Heydər Əliyevin Rusiya Azərbaycan münasibətlərindəki rolundan bəhs edən videoçarx nümayiş etdirilib. Videoçarxın nümayişindən sonra çıxış edən Domodedovo şəhər dairəsinin rəhbəri Dmitriy Qorodetski Heydər Əliyevi dünyanın məşhur siyasətçilərindən biri olduğunu vurğulayaraq onun vaxtilə Rusiya iqtisadiyyatına verdiyi töhfələri yüksək qiymətləndirib.
Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov müasir Azərbaycanın qurucusunun Azərbaycan diasporunun inkişafındakı xidmətlərini qeyd edib. Onun hələ 1970-ci illərdə azərbaycanlı gəncləri sovet respublikalarına, eləcə də Rusiyaya təhsil almağa göndərməsindən, 1990-cı illərdə isə Azərbaycan diasporunun formalaşması istiqmətində göstərdiyi xidmətlərdən danışan Qüdsi Osmanov konfransın təşkilatçılarına təşəkkür edib və belə tədbirlərin keçirilməsini Azərbaycan və Rusiya xalqları arasında dostluq tellərinin möhkəmlənməsi baxımından yüksək qiymətləndirib.
Ümumrusiya Azərbaycan Konqresinin Moskva vilayəti üzrə nümayəndəliyinin icraçı direktoru Araz Mürsəliyev də öz çıxışında Heydər Əliyev və diaspor mövzusunu xüsusi vurğulayıb. A.Mürsəliyev Heydər Əliyevin təməlini qoyduğu ÜAK-ın 14 il ərzində xalq diplomatiyasının bariz nümunəsi kimi Rusiya–Azərbaycan münasibətlərində güclü amilə çevrildiyini bildirib.
Daha sonra Heydər Əliyevin köməkçisi olmuş İqor Prostyakov, SSRİ dövründə Azərbaycan Daxili İşlər nazirinin müavini işləmiş Vladislav Shevtsov, general-polkovnik İvan Morozov, Böyük Vətən müharibəsinin veteranı İvan Nikonov, ictimai xadim Aleksandr Patrikeev və başqaları Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.
Konfrans iştirakçılarına Heydər Əliyev Fondu və “TASS” informasiya agentliyinin Heydər Əliyev haqqında çap etdirdiyi kitablar hədiyyə olunub.
Tədbir Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Moskva vilayəti üzr nümayəndəliyi və qurumun Domodedovo şəhəri üzrə təmsilçiliyi tərəfindən təşkil olunub.
Trend/az