Bakının orta ixtisas təhsili müəssisələrində imtahanların vaxtı dəyişib

Posted by

Bakının orta ixtisas təhsili müəssisələrində imtahanların vaxtı dəyişibİmtahan sessiyasının təşkili və keçirilməsi barədə orta ixtisas təhsili müəssisələri rəhbərlərinə tapşırıqlar verilib

Bakının orta ixtisas təhsili müəssisələrində imtahanların vaxtı dəyişib

Təhsil naziri Mikayıl Cabbarov orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, əmr orta ixtisas təhsili müəssisələrində 2014/2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını (bundan sonra imtahan sessiyası) mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə imzalanıb.

 

 

Əmrə əsasən orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər, Bakıda I Avropa Oyunlarının keçirilməsi ilə bağlı Nazirlər Kabinetinin sərəncamına və Təhsil Nazirliyinin məktubuna uyğun olaraq paytaxtda yerləşən orta ixtisas təhsili müəssisələri imtahan sessiyasını dekabrın 29-dan başlayaraq 3 (üç) həftə müddətinə başa çatdırsınlar, rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin qısa müddətdə operativ şəkildə araşdırılmasını təmin etsinlər. Bundan əlavə, imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakına şərait yaradılmalı, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməlidir: “Onlar nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisəsində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar”.

 

Əmrdə imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat versilməsi istənilib.

 

Nazirliyin Aparatın rəhbəri, İlk peşə və orta ixtisas təhsili və Daxili nəzarət şöbələrinə tapşırılıb ki, imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdırsınlar və onların yol verilməsində günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər hazırlasınlar, orta ixtisas təhsili müəssisələrində payız semestrinin imtahan sessiyalarının nəticələrini təhlil edib müvafiq arayışları müzakirəyə təqdim etsinlər.

 

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova tapşırılıb.

 

Apa.az