Azərbaycan XİN: ABŞ-da insan hüquqlarının pozulması sahəsində ciddi problemlər var
ABŞ Senatının Mərkəzi kəşfiyyat idarəsinin həbs və dindirmə proqramı haqqında bu ilin 9 dekabr tarixində təqdim etdiyi hesabat ABŞ-da insan hüquqlarının pozulması sahəsində ciddi problemlərin olduğunu bir daha göstərir.
Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev ABŞ Dövlət Departamenti sözçüsünün 10 dekabr tarixində Azərbaycanla əlaqədar səsləndirdiyi fikirləri və ABŞ Senatının Birləşmiş Ştatların xüsusi xidmət orqanlarının işgəncə metodları ilə bağlı hesabatını şərh edərkən deyib.
O, qeyd edib ki, bu kimi problemlərin müqabilində ABŞ-ın digər ölkələrdə insan hüquqlarına dair yanaşmaları Birləşmiş Ştatların özünü insan hüquqlarının “carçısı” kimi qələmə vermək və insan hüquqlarını xarici siyasət alətinə çevirmək siyasətinin göstəricisidir.
H.Hacıyev bildirib ki, ABŞ Senatının Mərkəzi kəşfiyyat idarəsinin həbs və dindirmə proqramı haqqında hesabatı ilə bağlı problemlər beynəlxalq ictimaiyyət və dünya kütləvi informasiya vasitələri ilə bərabər, bizim tərəfimizdən də diqqətlə izlənilir: “Haqqında bəhs olunan hesabatda heç bir mənəvi və hüquqi çərçivəyə sığmayan ən qəddar işgəncə formaları və metodlarının tətbiqi barədə təkzibolunmaz faktlar öz əksini tapıb. 548 səhifədən ibarət olan bu hesabatın hələ çox böyük hissəsi “milli təhlükəsizlik maraqları” adı altında ictimaiyyətə açılmayıb. Göründüyü kimi, ABŞ-ın xüsusi xidmət orqanları məhkəmə qərarı olmadan dünya səviyyəsində “adam oğurluğu” prinsipi əsasında ən ibtidai operativ məlumat və ya bir çox hallarda yalnız şübhə və mülahizələr əsasında insanların izsiz “oğurlanma”sını həyata keçirib. Bu şəxslər Quantanamo, Bəhram və Əbu-Ğarib həbsxanaları ilə bərabər, eləcə də Avropa İttifaqı üzv ölkələrində yerləşən gizli həbsxanalarda yerləşdirilib və onlara qarşı ən qəddar fiziki, mənəvi və psixoloji işgəncə metodları tətbiq edilib”.
XİN rəsmisi deyib ki, bütün bu əməllər ABŞ-ın qoşulduğu insan hüquqları haqqında ümumi bəyannamə, BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiyası və Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt üzrə öhdəliklərinin kobud şəkildə pozulmasıdır.
H.Hacıyev bildirib ki, beynəlxalq ictimaiyyətin ABŞ tərəfindən insan hüquqlarının kobud şəkildə pozulmasına münasibətdə artan narahatlığının fonunda ABŞ tərəfindən insan hüquqlarının pozulması faktları ilə əlaqədar siyasi və hüquqi nəticələr çıxarılmalıdır: “Biz də ABŞ-ı çağırırıq ki, başqa dövlətlərə münasibətdə insan hüquqları pərdəsi altında iradlarla çıxış etmək əvəzinə Ferqyuson və digər şəhərləri bürüyən kütləvi iğtişaşların köklü səbəbləri və haqqında bəhs olunan hesabatdan irəli gələn problemlərin həlli istiqamətində konkret addımlar atsın”.
Trend.az