Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Qars şəhərində keçirilən üçtərəfli iclasında iştirakı çərçivəsində nazir Elmar Məmmədyarov gürcüstanlı həmkarı Tamar Beruçaşvili ilə görüşüb.
Azərbaycan XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə inkişaf edən əməkdaşlığın cari səviyyəsindən məmnunluq ifadə olunub.
Tərəflər Trans-Anadolu təbii qaz boru kəmərin və Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihələrinin regionda əməkdaşlığın, sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsi istiqamətində əhəmiyyətini qeyd ediblər. Üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və çiçəklənməyə töhfə verdiyi xüsusilə vurğulanıb.
Görüşdə regionda və dünyada cərəyan edən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Apa.az