Azərbaycanın 86 rayonundan 77-də icra hakimiyyəti başçılarının müavinlərindən biri qadındır
Azərbaycanda qadınların qərar qəbul etmə, dövlətin idarə olunması, ümumiyyətlə, hər bir sahədə təmsil olunması istiqamətində müəyyən nailiyyətlər əldə olunub.
APA-nın xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində bərabər imkanlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib ki, bələdiyyələrdə qadın təmsilçilərinin sayı 4%-dən 26,7%-dək artıb.
Onun sözlərinə görə, idarəetmədə Azərbaycanın 86 rayonundan 77-də icra hakimiyyəti başçılarının müavinlərinin biri artıq qadındır: “Bu gün Azərbaycanda artıq kişi-qadın peşəsi yoxdur. Ölkədə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın. Əsas bizi narahat edən hüquq-mühafizə orqanları idi ki, artıq bu gün mövcud sahədə həm rəhbər, həm də daxili işlər orqanlarında qadınların fəaliyyət göstərməsinə nail olunub. Sahibkarlıq fəaliyyətində qadınların faizinin 19%-ə çatması bizi sevindirir. Çünki Azərbaycan müstəqilliyini əldə edəndən sonra həm kişilərin, həm də qadınların sahibkarlığa üz tutması çox vacib məsələlərdən biridir”.
S.Qəhrəmanova qeyd edib ki, müəyyən işlər görülsə də, bu gün qarşıda hələ çox işlər dayanır: “Məişət zorakılığı, o mühitdə böyüyən uşaqlar, zorakılıq nəticəsində küçə uşaqlarından danışırıqsa, həmçinin əlil uşaqların hüquqlarının qorunması istiqamətində böyük tədbirlərin, hüquqi təhsil sisteminin həyata keçirilməsi kimi məsələlər Azərbaycan hökumətinin qarşısında durur”.
Apa.az