Elmar Məmmədyarov: Ermənistan münaqişənin həlli prosesinə əngəl yaradır
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci Nazirlər Şurasının iclasında iştirakı çərçivəsində Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya ilə görüşüb.
Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş əsnasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəsi qeyd edilib və Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin əhəmiyyəti vurğulanıb.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında məlumat verərək bildirib ki, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır.
Ermənistanın münaqişənin həlli prosesinə əngəl yaratdığını deyən Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində keçirilmiş və təxribatçı məqsədlərə xidmət edən genişmiqyaslı hərbi təlimləri diqqətə çatdırıb.
Trend.az