“Münaqişə zamanı itkin düşmüş kimi qeydə alınanların siyahısında 4016 nəfərin adı var”
“Beynəlxalq humanitar hüququna əsasən mülki şəxslərin girov götürülməsi yolverilməzdir”.
APA-nın məlumatına görə, bunu Bakı Dövlət Universitetində (BDU) keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: Dünya həqiqətləri bilməlidir” adlı konfransda çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Firudin Sadıqov deyib.
Qrup rəhbəri bildirib ki, ermənilər Dağlıq Qarabağ müharibəsi zamanı mülki insanları öz torpaqlarından didərgin salıblar, girov və əsir götürüblər. F. Sadıqov qeyd edib ki, müharibə başlayan ilk illərdə əsir və itkin düşən azərbaycanlıların sayı 8 minə qədər olub: “Onların bir çoxu qaytarılıb, bir çoxunun taleyinə aydınlıq gətirilib. Hazırda isə münaqişə zamanı itkin düşmüş kimi qeydə alınanların siyahısında 4016 nəfərin adı var. Araşdırmaların nəticəsinə əsasən belə qənaətə gəlmişik ki, 870 nəfərdən çox insanı ermənilər sağ ələ keçiriblər. Müharibə zamanı insanların bir qismi evlərindən çıxmayıb. Müharibə gedirdi, insanlar evlərini tərk etmirlər, fikirləşirdilər ki, ermənilər bu vəhşiliyi etməzlər. Bu insanların taleyi barəsində bütün beynəlxalq təşkilatları məlumatlandırmışıq. Lakin ermənilər bu faktları qəbul etmirlər. Biz çalışırıq ki, heç olmasa bu məsələlər beynəlxalq təşkilatların diqqət mərkəzində qalsın”.
Apa.az