Polşanın Lodz şəhərində Azərbaycan Günü tədbiri keçirilib
Dekabrın 3-də Polşanın Lodz şəhərində Azərbaycan Günü tədbiri keçirilib.
Azərbaycanın Polşadakı səfirliyindən APA-ya verilən məlumata görə, tədbir Lodz Universitetinin Beynəlxalq və Siyasi Təlimlər fakültəsinin müəllim və tələbə heyətinin iştirakı ilə olub. Tədbiri giriş sözü ilə fakültənin dekanı professor Tomaş Domanski açaraq iştirakçılara Azərbaycan Polşa əlaqələrindən danışıb.
Səfir Həsən Həsənov “Azərbaycanın Dünəni və Bu Günü” mövzusunda çıxış edib. Çıxışda Azərbaycan dövlətçilik tarixi, ədəbiyyatı, mədəniyyəti və ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra əldə etdiyi uğurlar haqda dinləyicilərə ətraflı məlumat verilib. Bildirilib ki, iki ölkə arasında 540 illik tarixə malik olan diplomatik əlaqələr ölkə prezidentləri İlham Əliyev və Bronislav Komorovskinin səyləri nəticəsində daha da inkişaf etməkdədir. Həsən Həsənov çıxışından sonra tələbə və müəllim heyətinin çoxsaylı suallarını cavablandırıb. Tədbir çərçivəsində Azərbaycan haqqında tanıdıcı film və “Polşada Azərbaycan İzləri” adlı təqdimat iştirakçıların diqqətinə təqdim olunub.
Daha sonra “Azərbaycanda Polşa İzləri” adlı sərginin açılışı olub. Səfir Həsən Həsənov Azərbaycanın bir çox fərqli sahələrinin inkişafında vaxtı ilə polyakların müstəsna rolunun olduğunu qeyd edib. Bildirib ki, XIX-cu əsrin sonu XX-ci əsrin əvvəllərində polyak memarları şərq və qərb memarlığını əsas götürərək Bakı şəhərində layihələşdirərək inşa etdikləri binalar hal-hazırda şəhərimizin memarlıq inciləri siyahısındadır. Azərbaycanda polyaklar tərəfindən inşa edilmiş binaların foto-şəkillərindən ibarət sərgi iştirakçıların böyük marağına səbəb olub.
APA.az