ABŞ-ın Dağlıq Qarabağ separatçılarına qucaq açması: demokratiya budur?

Posted by

ABŞ-ın Dağlıq Qarabağ separatçılarına qucaq açması: demokratiya budur?

ABŞ-ın Dağlıq Qarabağ separatçılarına qucaq açması: demokratiya budur?

 

ABŞ-ın Dağlıq Qarabağ separatçılarına qucaq açması: demokratiya budur?

Bu gün ABŞ-ın dünyada demokratiya, sülh, sabitlik və təhlükəsizlik uğrunda apardığı siyasətə daban-dabana zidd olan, ABŞ siyasətinə heç də hörmət gətirməyəcək bir xəbər eşitdik.

 

Qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlamentinin spikeri” Aşot Qulyan ABŞ-da “rəsmi” səfərdədir və ABŞ Konqresində bir sıra görüşlər keçirib. Bu xəbəri elə qondarma qurumun “mətbuat xidməti” yayıb.

 

ABŞ-ın özünün belə tanımadığı qondarma bir qurumun hansısa nümayəndəsinin belə bir səfərinə imkan verməsi, hətta bu azmış kimi, ölkənin ali orqanlarından olan Konqresdə həmin şəxsin ayrı-ayrı konqresmenlərlə görüşlər keçirməsinə şərait yaratması Birləşmiş Ştatların səmimiliyini, onun dünyada sülh və sabitlik uğrunda apardığı siyasətin mahiyyətini ciddi şəkildə şübhə altında qoyur.

 

Uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən və bu illər ərzində özü münaqişə vəziyyətində ola-ola ABŞ-ın beynəlxalq antiterror əməliyyatlarında yaxından iştirak edən və dəstək göstərən bir ölkə kimi Azərbaycanın ABŞ-ın bu hərəkətindən ciddi narazılıq ifadə etməyə, hətta ABŞ-a xəbərdarlıq etməyə tam haqqı çatır. Azərbaycanın ərazi bütövlüyünü tanıyan Birləşmiş Ştatların Azərbaycan ərazisini işğal etmiş separatçı bir rejimin nümayəndəsinin belə görüşlər keçirməsinə şərait yaratmaq nə məntiqə, nə qanuna, nə də hər hansı normaya sığır.

 

ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, həm də həmişə münaqişə tərəflərini sülhə çağıran bir ölkə kimi belə bir addım atmasını necə başa düşmək olar? Nə üçün sülh və sabitlikdən danışan bir ölkə separatçı bir rejimin, özü də tanımadığı bir rejimin nümayəndəsinə qapılarını açır? Axı ABŞ-ın bu hərəkəti münaqişənin sülh yolu ilə həlli istiqamətində gedən danışıqlara xələl gətirir, eyni zamanda, bu məsələdə ABŞ-ın ədalətli mövqe tutacağına şübhələr yaradır.

 

Bu məqamda ABŞ-ın bu yaxınlarda verdiyi bir qərarı da xatırlatmaq lap yerinə düşərdi. ABŞ və bir sıra Avropa ölkələri Donetsk separatçılarının bu ölkələrə səfər etməsinə qadağa qoydular. Nə üçün Donetsk separatçılarına qadağa qoyulur, amma Dağlıq Qarabağ separatçılarına qapılar açıqdır?

 

Bu, artıq ikili standartları da aşan bir məsələdir. Görünür, ya ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı deyil, ya bu səfərə icazə verməsinin arxasında hansısa gizli maraqlar dayanır, ya da ABŞ-dakı erməni lobbisinə xoş getsin deyə, belə bir addlm atılıb. Əgər gizli maraqlar varsa, böyük ehtimalla bu maraqlar Azərbaycana hansısa təzyiqlər göstərməkdən ibarət ola bilər. Elə son zamanlar bir sıra ABŞ rəsmilərinin Azərbaycana qarşı təzyiq xarakterli bəyanatları verməsi də bunu deməyə əsas verir.

 

Amma səbəb nə olur-olsun, ABŞ-a yaraşmayan bir səbəbdir. Bir tərəfdən, “Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır” demək, digər tərəfdən isə Azərbaycana arxadan zərbə vurmaq olduqca yanlış bir siyasətdir.

 

Trend.az