Səfir: Azərbaycan Qazaxıstanın maraqlar dairəsində mühüm yer tutur
Azərbaycan Qazaxıstanın maraqlar dairəsində mühüm yer tutur. Bu barədə Qazaxıstanın Bakıdakı səfiri Amangeldi Jumabayev bu ölkənin “Liter” qəzetinə verdiyi müsahibəsində bildirib.
Səfir deyib: “Tarixin uzun illəri ərzində Qazaxıstanla Azərbaycan arasında qarşılıqlı etimadın və bərabərliyin sinoniminə çevrilmiş çox mehriban münasibətlər formalaşıb”.
Diplomat qeyd edib ki, dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulmuş bu əlaqələrin əsası Qazaxıstan Prezidenti – millətin atası Nursultan Nazarbayev və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub.
A.Jumabayev xatırladıb ki, Qazaxıstan Prezidenti – millətin atası Nursultan Nazarbayev və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər iki ölkənin kənd təsərrüfatı sahəsində daha sıx əməkdaşlığının vacibliyini dəfələrlə qeyd ediblər. Belə ki, Qazaxıstan hər il Azərbaycan bazarlarına bir milyon tondan artıq taxıl ixrac edir. Öz növbəsində, hər il Azərbaycan şirkətləri Qazaxıstanın qərb regionlarına 60 milyon dollardan yuxarı məbləğdə yüksək keyfiyyətli meyvə-tərəvəz məhsulları ixrac edirlər.
Diplomatın sözlərinə görə, Qazaxıstan və Azərbaycan şirkətləri ötən ilin avqustunda Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısında Qazaxıstanın qərbində iri logistika mərkəzinin tikintisi əsasında Azərbaycandan meyvə-tərəvəz məhsullarının ixracının artırılması yollarını müzakirə ediblər. Nəticədə 2014-cü ilin iyununda Qazaxıstandakı “Morport Aktau” xüsusi iqtisadi zonasının ərazisində “Azersun istehsalat və logistika Mərkəzi”nin tikintisinə başlanılıb. Buraya 10 min ton kənd təsərrüfatı məhsulunun, eləcə də 2500 ton təzə meyvə-tərəvəzin eyni vaxtda saxlanması üçün soyuducu qurğulara malik olan müasir anbar da daxil olacaq. Sonradan həmin məhsullar ölkənin qərb regionlarındakı ticarət nöqtələrində satılacaq.
Jumabayev bildirib ki, mərkəzin tikintisinin birinci mərhələsində Azərbaycan tərəfdən birbaşa investisiyalar 20 milyon avro təşkil edir. Gözlənildiyinə görə, mərkəz ən yeni qabaqcıl texnologiyalar tətbiq olunmaqla inşa ediləcək. Onun ümumi ərazisi 4,8 hektar təşkil edir: “Müasir iri logistika mərkəzinin tikintisi ərzaq təminatı məsələsinin həllinə imkan verir və vətəndaşlarımız üçün əlavə iş yerləri yaradır”.
Mərkəzin tikintisinin başa çatdırılması 2015-ci ilin fevral-mart aylarına planlaşdırılıb. Növbəti mərhələ Gömrük İttifaqı ölkələrində satış üçün tərəvəz məhsullarının emalı və konserv məhsullarının istehsalı olacaq.
Diplomat iki ölkənin nəqliyyat sistemlərinin razılaşdırılmış işinin vacibliyini qeyd edib. Həmin təşəbbüs çərçivəsində artıq Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında imzalanmış Çin-Qazaxıstan-Xəzər dənizi-Azərbaycan-Gürcüstan-Türkiyə-Qara dəniz dəmiryol və dəniz nəqliyyatı çərçivəsində tranzit daşımaların inkişafı haqqında saziş üzrə iş aparılır.
Jumabayev xatırladıb ki, ən böyük həcmdə yükdaşımalar Çin və Avropa arasında həyata keçirilir. Bu yüklərin əsas hissəsi dəniz yolu ilə daşınır və müddət 25-30 gün çəkir: “Lakin Bakı-Tbilisi-Qars dəmir yolunun istismara başlamasından sonra ölkələrimizin ərazisindən keçməklə Çindən Avropaya yüklərin çatdırılması müddəti 2 dəfə azalacaq. Mütəxəssislərin proqnozlarına görə, perspektivdə bu istiqamətdə tranzit yüklərin daşınması on milyon ton və daha yuxarı həddə çatacaq”.
Bundan əlavə, səfir deyib ki, Azərbaycan “Kaşağan” yatağından ölkə ərazisi ilə on milyon tonadək neftin nəqlini həyata keçirməyə hazır olduğunu bildirib.
Diplomat xatırladıb ki, 2015-ci ilin ortalarında Azərbaycanda Ələt Beynəlxalq Dəniz Limanının tikintisi başa çatacaq. Limanın buraxılış qabiliyyəti 1,2 milyard dollar dəyərində 15 milyon ton yükdür: “Əminəm ki, TRASEKA çərçivəsində uğurlu əməkdaşlıqla yanaşı, yuxarıda göstərilən layihələr Qazaxıstan və Azərbaycanın Mərkəzi Asiyanın və Qafqazın əsas nəqliyyat qovşaqları kimi möhkəmlənməsinə imkan verəcək”.
Trend.az