Daxili işlər nazirinin müavini bələdiyyə seçkiləri ilə bağlı polis orqanlarına tapşırıqlar verib
Mingəçevir Şəhər Polis Şöbəsində respublikanın Şimal-Qərb, Şirvan, Aran və Qarabağ bölgələrinin ərazi polis orqanlarının xidmət üzrə rəis müavinlərinin, qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumları əməkdaşlarının iştirakı ilə növbəti zona müşavirəsi keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda cari ilin ötən dövründə aidiyyatı xidmət tərəfindən görülən işlər, o cümlədən bələdiyyə seçkiləri ilə bağlı polis orqanlarının qarşısında duran vəzifələr geniş müzakirə olunub.
Müşavirədə respublika daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyev iştirak edib.
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general- mayoru Ərziman Əliyev görülən işlər və xidməti fəaliyyədə buraxılmış nöqsanların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məruzə ilə çıxış edib.
Daha sonra mövzu ətrafında müxtəlif çıxışlar dinlənilib, müzakirə və fikir mübadiləsi aparılıb.
Tədbirə yekun vuran polis general-mayoru İsmət Əliyev qeyd olunmuş iradlardan düzgün nəticə çıxarılmasının zəruriliyini bildirib, bələdiyyə seçkilərinədək səsvermə hüququ olan bütün vətəndaşlara şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsinin, eyni zamanda, görülən işlər barədə kütləvi informasiya vasitələri ilə ölkə ictimaiyyətini mütəmadi olaraq məlumatlandırılmasının vacibliyi barədə müşavirə iştirakçılarına DİN rəhbərliyinin tövsiyyələrini çatdırıb, qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi istiqamətində səyləri gücləndirməyi tələb edib.
Trend.az