Nəcəf bəy Vəzirovun indiyədək işıq üzü görməyən əsəri çap edilib
Azərbaycanın görkəmli ədibi Nəcəf bəy Vəzirovun indiyədək işıq üzü görməyən əsəri çap edilib.
Azərbaycan Milli Elmlər Akademiyası M.Füzuli adına Əlyazmalar İnstitutundan Trend-ə verilən məlumata görə, N.B.Vəzirovun ümumi yaradıcılığı ətraflı öyrənilib, tədqiq edilib. Ancaq onun şəxsi fondunda saxlanılan meşə təsərrüfatına dair qiymətli vəsait olan “Palıd” elmi əsəri haqqında bir-iki məqalə çap edilsə də, bu əsər indiyə kimi bütöv şəkildə nəşr olunmayıb.
Azərbaycan dilində ərəb əlifbası ilə yazılan bu əsəri M.Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi fondların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədova işləyərək nəşrə hazırlayıb.
“Palıd” elmi əsəri Azərbaycanda meşəçiliyin inkişafı üçün çox dəyərli vəsaitdir. Burada çürümüş ağacların böyüməsi, növləri, onlara qulluq, yaşı və xüsusiyyətlərini öyrənmək, meşə torpağının dərinliyi, rütubətliliyi əsasında ağacları təyin etmək, ağacların yaşını və kölgəyə davamlılığını müəyyənləşdirmək, kölgəyə davamlı ağacları təsvir etmək və s. kimi mövzulara toxunulub.
Qeyd edək ki, “Palıd” elmi əsəri meşə təsərrüfatı sahəsində çalışan işçilər və bu yöndə tədqiqat işləri aparan elmi işçilər üçün əvəzsiz bir vəsaitdir.
Trend.az