Azərbaycan əmək və sosial müdafiə üzrə 30-dan çox sənəd imzalayıb
Ölkəmizdə əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi üçün aparılan islahatlarda mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiqinə, bu məqsədlə beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir. Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) öz fəaliyyət dairəsi üzrə xarici ölkələrin aidiyyəti dövlət qurumları və mötəbər beynəlxalq təşkilatlarla 30-dan artıq hökumətlərarası və nazirliklərarası saziş, protokol, memorandum və proqram imzalayıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu barədə noyabrın 28-də ƏƏSMN-də beynəlxalq tədbirlərdə iştirak və təcrübə mübadiləsi sahəsində görülən cari işlərə dair növbəti “Məlumat mübadiləsi saatı”nın iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.
Nazir BMT, Avropa İttifaqı, Beynəlxalq Əmək Təşkilatı, Dünya Bankı və digər beynəlxalq qurumlarla, ayrı-ayrı ölkələrin müvafiq təşkilatları ilə uğurla davam etdirilən əməkdaşlığın xüsusi önəm kəsb etdiyini vurğulayıb: “Bu əməkdaşlıq milli əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi üzrə birgə layihələrin icrasında, müvafiq sahələrdə davamlı təcrübə və məlumat mübadilələrinin aparılmasında və qabaqcıl təcrübələrin öyrənilməsində, eyni zamanda, ölkəmizdəki islahatlarla bağlı beynəlxalq tərəfdaşların məlumatlandırılmasında mühüm rola malikdir”.
S.Müslümov beynəlxalq əməkdaşlıq əlaqələrinin davamı olaraq, bu ay əzrində də nazirliyin əməkdaşlarının bir sıra beynəlxalq tədbirlərdə iştirak etdiyini diqqətə çatdırıb: “Belə ki, nazirliyin nümayəndələri Türkiyəyə səfər edərək, qardaş ölkənin sosial xidmətlər sahəsində təcrübəsi ilə yaxından tanış olub, fəal təcrübə mübadiləsi aparıblar. Eyni zamanda, UNICEF-in Belarusun Minsk şəhərində keçirilən regional konfransında milli uşaq müdafiə sistemlərinin gücləndirilməsi ilə bağlı aparılan müzakirələrdə nümayəndə heyətimiz fəal iştirak edib. Həmin konfransda Azərbaycanda dövlət uşaq siyasətinin inkişafı sahəsində həyata keçirilən uğurlu islahatlar barədə dolğun məlumatlar verilib və ölkəmizin bu sahədə nailiyyətləri müsbət ölkə təcrübəsi kimi yüksək dəyərləndirilib”.
S.Müslümov nazirliyin nümayəndələrinin həmçinin sosial müdafiənin təmin olunmasında iqtisadi və sosial şuraların, sosial dialoqun rolu mövzusunda Cənubi Koreyanın Seul şəhərində, ixtisas seçiminin inkişafı məsələləri ilə əlaqədar Rusiyanın Moskva şəhərində keçirilən beynəlxalq səviyyəli tədbirlərdə də ölkəmizi təmsil etdiklərini bildirib: “Hazırkı iclasda da məqsəd bütün bu səfərlərin nəticələri barədə məlumat mübadiləsinin həyata keçirilməsidir”.
İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, nazirliyin Aparatının Məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi şöbəsinin müdiri Vahab Məmmədov, Sosial təminat siyasəti şöbəsinin müdir müavini Fuad Hüseynov cari ilin noyabr ayı ərzində Türkiyə, Belarus, Cənubi Koreya və Rusiyaya səfərlərinin nəticələri, həyata keçirilən təcrübə və məlumat mübadilələri, iştirak etdikləri beynəlxalq tədbirlər, həmin tədbirlərdə aparılan müzakirələr və s. barədə ətraflı məlumatlar veriblər.
İclas təqdim edilən məlumatlar üzrə müzakirələrlə davam edib.
Trend.az