Azərbaycanda bələdiyyəyə namizədlərin 25 faizi qadındır
“İndiyə qədər Azərbaycanda 118 seçki dairəsində yerləşən 1607 bələdiyyəyə namizədliyini irəli sürülən 39 917 nəfərə imza vərəqələri verilib. 37 564 nəfər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, 22 noyabr saat 18:00-a qədlər imza vərəqələrini qaytarıblar”. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov söyləyib.
M.Pənahov deyib ki, indiyədək 59 nəfər namizədlikdən imtina edib, 36 770 nəfərin namizədliyi qeydə alınıb.
Namizədlərin 25 faizi qadın, 75 faizi kişidir. Seçkilərdə 8 siyasi partiya namizədlərini irəli sürüb. Fərdi qayda namizədliklərini irəli sürən partiya üzvlərinin sayı nəzərə alınarsa, ümumilikdə 30 siyasi partiyanın üzvləri bələdiyyə seçkilərində namizəddirlər. MSK sədri qeyd edib ki, namizədlərin 60 faizi ali təhsilli, 0,3 faizi natamam ali təhsilli, 10,5 faizi orta ixtisas, qalanları orta təhsillidir.
MSK sədri ötən seçkilərdə seçilən bələdiyyə üzvlərinin 26 faizinin qadın olduğunu xatırladıb və qadınlara bələdiyyə seçkilərində uğurlu nəticə arzu edib. O, bələdiyyə seçkilərində veb kamera qoyulan seçki məntəqələrin bütün Azərbaycan coğrafiyasını əhatə etməyə çalışacaqlarını da qeyd edib.
Qeyd edək ki, namizədlərin qeydə alınması prosesinin noyabrın 29-da başa çatacaq.
Trend.az