AMEA-dan mövqe: III dünya müharibəsi su qıtlığına görə baş verə bilər

Posted by

AMEA-dan mövqe: III dünya müharibəsi su qıtlığına görə baş verə bilərAMEA-dan mövqe: III dünya müharibəsi su qıtlığına görə baş verə bilər

AMEA-dan mövqe: III dünya müharibəsi su qıtlığına görə baş verə bilər

“Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizi işğal edilib. Həmin bölgədə böyük şirin su ehtiyatları mövcuddur. Hazırda bu, Azərbaycan üçün böyük təhdiddir. Münaqişənin həllindən sonra isə bu, ölkəmiz üçün böyük imkanlar yaradacaq”. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov SAM və AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə Bakıda “Qlobal və regional hidrosiyasi problemlər beynəlxalq əməkdaşlıq və təhlükəsizlik kontekstində” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib.

 

F.Məmmədov qeyd edib ki, Qafqazda su probleminin ən çox hiss olunduğu ölkə Azərbaycandır. Azərbaycan bu problemin həlli istiqamətində müvafiq fəaliyyət göstərir, sərhədyanı çayların səmərəli istifadəsi, su anbarlarının tikintisi ilə su problemini həll etməyə çalışır.

 

SAM direktorunun fikrincə, ümumiyyətlə, su problemi dünyada ən aktual problemlərdən biridir və davamlı inkişaf strategiyalarında ən vacib yerlərdən birini tutur: “Konfransda həm regional, həm qlobal kontekstdə bu problem müzakirə olunacaq, konfrans adından müvafiq beynəlxalq təşkilatlara müraciət ediləcək. Eyni zamanda, gələn il üçün Fəaliyyət Planı hazırlanacaq ki, bu məsələlərin müzakirəsi genişlənsin”.

 

Açılış mərasimində çıxış edən AMEA-nın Rəyasət Heyətinin üzvü Fəxrəddin Qədirov deyib ki, planetdə əhali sayının artması ilə su ehtiyatları azalmaqdadır: “Kənd təsərrüfatı və sənayenin inkişafı da yeni su ehtiyatları tələb edir. Bu baxımdan konfransın belə qlobal problemin müzakirəsinə həsr edilməsi təsadüfi deyil. Su ehtiyatlarının inteqrasiya yolu ilə həll olunması, sudan siyasi məqsədlər və konflikt üçün istifadə edilməsi məsələləri də müzakirə olunacaq. Konfransda qəbul edilmiş qərar və tövsiyələrin Azərbaycan üçün də böyük əhəmiyyət daşıyacağına əminəm”.

 

AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov isə qeyd edib ki, Yer planetinin 2/3-si su ilə örtülsə də, onun yalnız 2,5 faizi şirin sudur. Şirin suların da cəmi 0,2 faizi içməli sudur: “Təsadüfi deyil ki, üçüncü dünya müharibəsi baş verərsə, bunun su ilə bağlı olacağı bildirilir”.

 

Qeyd edək ki, tədbir transsərhəd sulardan və su çatışmazlığından siyasi-iqtisadi təzyiq kimi istifadənin yolverilməzliyinə, dünyada şirin su zəminində baş verən və proqnozlaşdırılan münaqişələrə, beynəlxalq hüququn fəallaşdırılmasına və bu istiqamətdə tövsiyələrin hazırlanmasına həsr olunub.

 

Konfransda Azərbaycan alimləri və siyasətçiləri ilə yanaşı, Türkiyə, Serbiya, Misir, Gürcüstan, ABŞ, Qazaxıstan, İordaniya, Niderland və Bosniya və Herseqovinadan gəlmiş mütəxəssislər də iştirak edirlər.

 

Məruzəçilər Yaxın və Orta Şərqdə, Şimali Afrikada, Mərkəzi Asiyada və Cənubi Qafqazda su ehtiyatlarından səmərəli istifadəyə və onların qorunmasına yönəldilmiş səylərin zəruriliyinə toxunacaqlar.

 

Tədbirin sonunda Birləşmiş Millətlər Təşkilatına, onun ixtisaslaşdırılmış qurumlarına və Ümumdünya Su Şurasına ünvanlanan Bakı Bəyannaməsi qəbul olunacaq.

 

Trend.az