Azərbaycanın ilk antivirus proqramı yaradılır
Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (CERT) internet istifadəçiləri üçün “Malware Report” viruslarından mühafizə sisteminin hazırlanmasını başa çatdırır. Bu barədə Trend-ə CERT-dən bildirilib.
Hazırda məhsulun istifadəçilər üçün 2015-ci ilin əvvəlində əlçatan olacaq baza versiyası hazırlanır. “Malware Report”-u cert.gov.az internet resursundan ödənişsiz yükləmək mümkün olacaq.
“Malware Report” zərərli və şübhəli faylları bilavasitə CERT (Malware Lab) laboratoriyasına göndərməyə imkan verəcək. Həmin laboratoriyada onlar analiz olunacaq. Bundan sonra istifadəçiyə müvafiq cavab təqdim ediləcək.
Proqram həllinin üstünlüklərindən biri istifadəçilərə təhdidlər və zəifliklər barədə məlumat verməyin, eləcə də onlara xarici təhdidlərə qarşı fəaliyyətə dair lazımi informasiyanın təqdim edilməsinin mümkünlüyüdür.
Gələcəkdə CERT-in göstərilən proqram təminatının tam antivirus PT-nin bütün funksiyalarına malik olacağı istisna edilmir.
Trend.az