ƏƏSMN tərəfindən sosial xidmətlər üzrə minimum standartlar hazırlanır
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sosial sifarişləri əsasında ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən göstərilən sosial xidmətlərə dair minimum standartlar hazırlanır.
Nazirlikdən Trend-ə verilən məlumata görə, “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, ölkəmizdə sosial xidmətlərin göstərilməsində ixtisaslaşmış vətəndaş cəmiyyətlərinin də iştirakına şərait yaradılıb. ƏƏSMN-nin sosial xidmətlər üzrə elan etdiyi müsabiqələrdə qalib gəlmiş layihələr üzrə ixtisaslaşmış QHT-lər tərəfindən çoxşaxəli sosial xidmətlərin göstərilməsi təmin olunur.
Cari ilin ötən dövründə qeyd olunan layihələr üzrə respublikanın müxtəlif bölgələrində günərzi qayğı və reabilitasiya mərkəzləri, sığınacaqlar və s. yaradılıb, ümumilikdə 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq, eləcə də onların ailələri sosial xidmətlərlə təmin olunur.
Qabaqcıl dünya təcrübəsi əsasında, beynəlxalq ekspertlərlə birgə cari ilin sonunadək hazırlanacaq standartlar ixtisaslaşmış QHT-lər tərəfindən göstərilən sosial xidmətlərin monitorinqi və qiymətləndirilməsi mexanizminin formalaşdırılması üçün əsas rolunu oynayacaq. Bu isə nəticə etibarilə vətəndaş cəmiyyətləri tərəfindən göstərilən sosial xidmətlərin keyfiyyətinin, səmərəliliyinin və ünvanlılığının artırılmasına imkan yaradacaq.
Trend.az