XİN: Ermənistanın Azərbaycan ərazilərində hərbi təlimlər keçirməsi danışıqların ruhuna qəti şəkildə uyğun deyil
Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərində hərbi təlimlər keçirməsi ilə bağlı növbəti bəyanat yayıb.
Bəyanatda deyilir: “Ermənistanın rəsmi kütləvi informasiya vasitələrinin məlumatına görə 2014-cü il noyabrın 6-da Ermənistan Respublikasının silahlı qüvvələrinin 47.000 nəfərə qədər şəxsi heyət və 3000-dən artıq döyüş texnikasının iştirakı ilə Ermənistan Respublikası Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində genişmiqyaslı təxribatçı hərbi təlimlərin keçirilməsinə başlayıb.
Ermənistan Respublikasının hərbi hava qüvvələri də Azərbaycan silahlı qüvvələrinin müdafiə mövqeləri üzərində təxribatçı və təhdidedici döyüş uçuşları həyata keçirib.
Noyabrın 12-də Ermənistan Respublikasının hərbi hava qüvvələrinin “Mi-24” tipli iki hücum helikopteri Azərbaycan Respublikasının işğal edilmiş Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında Azərbaycan Respublikası silahlı qüvvələrinin mövqelərinin yaxın ətrafına yan alıb və hücum manevrləri həyata keçirib. Helikopterlərdən biri elə bu işğal olunmuş ərazidə vurulub.
Vurulmuş helikopter Ermənistan Respublikasının Yerevan şəhəri yaxınlığındakı “Erebuni” hərbi aerodromunun 15-ci hərbi bazasına məxsus olmuş və onun şəxsi heyəti Ermənistan silahlı qüvvələrinin hərbi xidmətçiləri olmuşdur. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı təcavüzünün, Azərbaycan ərazilərinin işğalında birbaşa iştirakının və ona qarşı gücdən istifadənin davamının daha bir təzahürüdür.
BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 853 saylı qətnaməsi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünü bir daha təsdiq edir, xüsusən də Ağdam rayonu və Azərbaycan Respublikasının bütün digər işğal edilmiş ərazilərinin işğalını pisləyir, Ağdam rayonu və Azərbaycan Respublikasının bütün digər işğal edilmiş ərazilərinin zəbtinə cəlb olunmuş işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini icra etməyən Ermənistan yalnız Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən qoşunlarını çıxarmaqdan imtina etməyərək, beynəlxalq hüquq, BMT TŞ-nin qətnamələri və atəşkəs rejimini nümayişkarcasına pozaraq, bu ərazilərdə öz hərbi mövcudluğunu və imkanlarını gücləndirməkdə davam edir və genişmiqyaslı hərbi təlimlər keçirir.
Ağır texnikadan istifadə, Azərbaycan Respublikasının işğal olunmuş əraziləri üzərində davamlı uçuşlar və Azərbaycanın mövqelərinə hücumlar Ermənistan prezidentinin rəsmi internet saytında, eləcə də Ermənistan kütləvi informasiya vasitələri tərəfindən yayılmış məlumat, foto və video materiallarda öz əksini tapıb.
Nəzərə alınmalıdır ki, bu təxribatçı hərbi təlimlər Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə 2014-cü il avqustun 10-da Soçidə, ABŞ dövlət katibi Con Kerrinin təşəbbüsü ilə sentyabrın 4-də Uelsdə və Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə oktyabrın 27-də Parisdə keçirilmiş görüşlərindən dərhal sonra təşkil edilmişdir. Hər üç görüşdə özünü büruzə verən müsbət meyillər davam edən sülh danışıqlarında irəliləyişə nail oluna biləcəyinə dəlalət edirdi. Azərbaycan ərazilərində Ermənistan tərəfindən hərbi təlimlərin keçirilməsi bu danışıqların ruhuna və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səylərinə qəti şəkildə uyğun olmayaraq, Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması üçün siyasi yolla həllin tapılması məqsədilə etimad quruculuğuna xələl gətirir”.
AzərTac.az