“Azərbaycan diasporu Nyu Yorkun ictimai-siyasi həyatında fəal iştirak edir”

Posted by

"Azərbaycan diasporu Nyu Yorkun ictimai-siyasi həyatında fəal iştirak edir"“Azərbaycan diasporu Nyu Yorkun ictimai-siyasi həyatında fəal iştirak edir”

"Azərbaycan diasporu Nyu Yorkun ictimai-siyasi həyatında fəal iştirak edir"

Bruklinin Azərbaycan icmasının əsas məqsədi amerikalılara Azərbaycan haqqında daha çox məlumat çatdırmaqdır. Bunu Trend-ə Bruklinin Azərbaycan diasporunun nümayəndəsi Marietta Rozental deyib.

 

Onun sözlərinə görə, bu istiqamətdə Nyu York şəhərinin Bruklin inzibati rayonu və Bakının Səbail rayonu arasında dostluq, əməkdaşlıq və qardaşlıq haqqında protokolun imzalanması uğurlu addım oldu.

 

M.Rozental bu sənədin imzalanmasının təşəbbüskarı olub.

 

Protokol noyabrın 18-də imzalanıb. Sənədi Bruklin rayonunun rəhbəri Erik Adams və Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov imzalayıblar.

 

M.Rozental qeyd edib ki, Səbail və Bruklin arasında işgüzar əlaqələrin qurulması tərəflər arasında mədəniyyət, təhsil, turizm, İKT sahələrində qarşılıqlı təcrübə mübadiləsi üzrə əlaqələrin gələcəkdə intensivləşməsinə, eləcə də iki ölkənin xalqları arasında əlaqələrə təkan verəcək.

 

O vurğulayıb ki, rəhbərlik səviyyəsində uşaq və gənclər nümayəndə heyətlərinin mübadiləsi haqqında qərar qəbul edilib: “Bruklin və Səbailin qardaşlaşması haqqında ideya cari ilin əvvəlində yaranıb və hər iki tərəfdən dəstəklənib. Azərbaycanın ABŞ-dakı səfirliyi, Bruklin və Səbail administrasiyaları onun reallaşdırılmasına böyük kömək göstəriblər. Çoxlu ideyalarımız var. Əsas odur ki, bizi hökumətimiz dəstəkləyir və iki ölkənin xalqları arasında əlaqələrin inkişafı hər iki tərəf üçün sərfəlidir. Bruklinin Azərbaycan icması hazırda Azərbaycanın ABŞ-da təbliğatı sahəsində bir çox layihələr reallaşdırır”.

 

M.Rozental əlavə edib ki, Bruklinin Azərbaycan icması hazırda rus və ingilis dillərində “Novıy rubej” qəzetini buraxır: “Qəzetdə Azərbaycan və Bakı haqqında məqalələr dərc olunur. Bazar günü məktəbi fəaliyyət göstərir. Məktəbdə uşaqlara Azərbaycan dili öyrədilir. Bununla da Azərbaycandan gələnlərin uşaqları doğma dillərini öyrənmək imkanı əldə ediblər. Yerli Azərbaycan icmasının təsis etdiyi “My Way” mədəni inkişaf mərkəzi fəaliyyət göstərir. Məqsədimiz ondan ibarətdir ki, uşaqlarımız doğma vətənlərini unutmasınlar”.

 

Onun sözlərinə görə, hazırda Azərbaycan diasporu Nyu Yorkun ictimai-siyasi həyatında fəal iştirak edir: “Biz diasporla işi daha mütəşəkkil etmək niyyətindəyik. Məhz bu zaman fəaliyyətimizin bəhrəsini görə bilərik. Həyata keçirilməli olan bir çox ideya və təşəbbüslər var”.

 

Trend.az