Milli Dirçəliş Günü ABŞ-da qeyd olunub
2014-cü il noyabr ayının 17-də ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən olan Minnesota Twin Sity Universitetində Azərbaycan Amerika Alyansının təşkilatçılığı ilə Azərbaycanın Milli Dirçəliş Gününə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
Trend xəbər verir ki, tədbirdə Universitetin professor-müəllim heyəti, tələbələr, digər təhsil müəssisələrinin tələbələri və soydaşlarımız iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Universitetin İqtisadiyyat fakültəsinin tələbəsi İsmayıl Hüseynov açaraq tədbir iştirakçılarını və qonaqları salamlamışdır.
Universitetin Geologiya fakültəsində təhsil alan, ARDNŞ təqaüdçüsü Samir Kərimov Azərbaycanın iqtisadi inkişafı barədə geniş məlumat vermişdir.
Universitetin Kimya mühəndisliyi fakültəsinin tələbəsi, ARDNŞ təqaüdçüsü Aslan Mansurovun dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən, onun Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasındakı rolundan bəhs edən çıxışı böyük maraqla qarşılanmışdır.
Carlson Biznes Məktəbinin tələbəsi Orxan Mərdanov Azərbaycan-Amerika əlaqələrindən söhbət açmışdır.
Tədbirdə milli musiqimiz ifa olunmuş, milli rəqslərimiz nümayiş etdirilmişdir.
Universitetdə Azərbaycanla bağlı stend təşkil edilmiş və qonaqlara ətraflı məlumat verilmişdir. Stend çox maraqla qarşılanmışdır.
Tədbir böyük uğurla keçmiş və Azərbaycan-Amerika əlaqələrinin möhkəmliyi və sabitliyi bir daha vurğulanmışdır.
Trend.az