Milli Məclisdə bitki karantini sahəsində Tacikistanla əlaqələr müzakirə olunub

Posted by

Milli Məclisdə bitki karantini sahəsində Tacikistanla əlaqələr müzakirə olunubMilli Məclisdə bitki karantini sahəsində Tacikistanla əlaqələr müzakirə olunub

Milli Məclisdə bitki karantini sahəsində Tacikistanla əlaqələr müzakirə olunub

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan hökuməti ilə Tacikistan hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.

 

Trend-in məlumatına görə, saziş barədə məlumat verən komitə sədri Eldar İbrahimov bildirib ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin bu il oktyabrın 26-da Tacikistanın Düşənbə şəhərinə səfəri zamanı iki ölkənin dövlət başçıları arasında imzalanıb.

 

Onun sözlərinə görə, bundan sonra hər iki ölkə karantin tətbiq edilən zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması sahəsində əməkdaşlıq edəcəklər: “Əsasən də bitki karantini sahəsində əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi, dövlət karantin tədbirlərinin əlaqələndirilməsini təmin etmək əsas götürüləcək. Sazişin müddəalarının həyata keçirilməsi və əlaqələndirilməsi işini Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti ilə Tacikistan Kənd Təsərrüfatı Nazirliyinin Bitki Karantini və Fitosanitariya üzrə Dövlət Müfəttişliyi Xidməti həyata keçirəcək. Sazişdə tərəflərin bir ölkədən digər ölkəyə göndərilən karantin nəzarətində olan materialların idxal, ixrac və tranziti üzrə milli qanunvericilikləri ilə təsdiq edilən fitosanitar qaydalarına riayət etmələri qeyd edilib”.

 

Komitə sədri əlavə edib ki, saziş zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflər diplomatik kanallarla sonuncu yazılı bildirişi aldıqları tarixdən qüvvəyə minir: “Saziş 5 il müddətinə bağlanılır və tərəflərdən biri bu müddətin bitməsinə ən azı 6 ay qalmış onu ləğv etmək niyyəti barədə diplomatik kanallarla digər tərəfə yazılı şəkildə məlumat verməlidir. Əks təqdirdə sənədin qüvvəsi avtomatik şəkildə növbəti 5 illik müddətə uzadılacaq”.

 

Qeyd edək ki, saziş təsdiq edilməsi üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Trend.az