Rövnəq Abdullayev: “Avropa İttifaqı ilə Azərbaycanın enerji sahəsində maraqları üst-üstə düşür”
“Avropa İttifaqı ilə Azərbaycanın enerji sahəsində maraqları üst-üstə düşür, hər iki tərəf müvafiq enerji bazarlarının inteqrasiyasından bəhrələnə, bununla da enerji təhlükəsizliklərini gücləndirə bilər”.
“APA-Economics”in məlumatına görə, bunun Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Yunanıstanın “İmerissia” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Aİ və Azərbaycan enerji siyasətində eyni problemlərlə üzləşirlər: “Enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, enerji bazarında islahatların dərinləşdirilməsi, enerji infrastrukturlarının inkişafı və modernizasiyası, enerji məhsuldarlığı və qənaəti, bərpa olunan enerji mənbələrindən istifadə hər iki tərəfi ciddi düşündürür. Azərbaycan və Aİ arasında enerji sahəsində əməkdaşlığın möhkəmləndirilməsi lazımi islahatlara imkan verər. Eyni zamanda investisiya mühitini gücləndirər, gələcək investisiyalar üçün şərait yaradar”.
ARDNŞ prezidenti bildirib ki, tarixi perspektivdən baxanda, Azərbaycan həmişə özünü qlobal enerji təchizatı mərkəzi olmağa hazırlayıb və hazırlayır: “Bildiyiniz ki, ARDNŞ hazırda 25 qlobal şirkətlə birlikdə bir sıra neft və qaz layihələri üzərində işləyir. Bu layihələr sırasında “Şahdəniz-2” qazını Avropaya ötürəcək Cənub Qaz Dəhlizini qeyd etmək istərdim. Cənubi Qafqaz, Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərinin də daxil olduğu bu layihəyə yatırılan 45 mln. ABŞ dolları həcmində investisiyanın əhəmiyyətli hissəsi ARDNŞ tərəfindən qoyulur. Bu, bizim Aİ enerji təchizatı təhlükəsizliyinə tərəfdar olduğumuzu bir daha sübut edir”.
R. Avdullayev bir daha qeyd edib ki, ARDNŞ Avropanın etibarlı enerji tərəfdaşıdır: “Biz həqiqətən də inanırıq ki, enerji təchizatı diversifikasiyası bu gün Avropa İttifaqının enerji siyasətində ən önəmli məsələlərdən biridir və ARDNŞ avropalı tərəfdaşlarını dəstəkləyir”.
APA.az