Çin Dağlıq Qarabağ münaqişəsi tərəflərini münaqişənin dialoq yolu ilə həllinə çağırıb
Çin Xalq Respublikası ümid edir ki, Dağlıq Qarabağ münaqişəsi tərəfləri sakitliyi saxlaya biləcək və təmkinlilik göstərə biləcəklər. Trend-in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Hong Lei mətbuat konfransı zamanı Azərbaycanın hava məkanını pozan Ermənistann Silahlı Qüvvələri helikopterinin vurulması ilə bağlı suala cavabında bildirib.
Hong Lei deyib: “Ümid edirik ki, vəziyyətin daha da gərginləşməsindən yayınmaq, münaqişənin konsultasiya və dialoq yolu ilə həllinə nail omaq üçün tərəflər sakitliyi qoruyub saxlaya və təmkinlilik göstərə biləcəklər. Ümid edirik ki, ATƏT-in Minsk qrupu kimi müəyyən mexanizmlər bu istiqamətdə konstruktiv rol oynayacaq”.
Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistana məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.
Trend.az