Azərbaycanda reseptlərin yazılış qaydası avtomatlaşdırılacaq
Azərbaycanda dərman preparatları üzrə reseptlərin çıxarışı qaydası avtomatlaşdırılacaq. Bunu Trend-ə “Səhiyyənin intellektual idarəetmə mərkəzi” (SİİM) layihəsinin rəhbəri İlqar Tağıyev bildirib.
SİİM layihəsi Azərbaycan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Dövlət Fondu tərəfindən layihənin reallaşdırılmasına 20 min manat ayrılıb.
İ.Tağıyev deyib ki, SİİM platforması özündə xəstəlik tarixini (elektron kart) ehtiva edir. Burada pasiyentlər tərəfindən qəbul olunan və ya olunacaq preparatların siyahısı ətraflı əks olunacaq. Vətəndaşlar xidmətdən ödənişsiz istifadə edəcəklər. Sistemin praktiki tətbiqi haqqında danışıqlar ölkənin Səhiyyə Nazirliyi səviyyəsində aparılır: “Bəzi pasiyentlərdə həkimə getməklə bağlı müəyyən qorxu var. Təəssüf ki, bu gün bütün dünyadakı xəstəxanalarda baş verən səhvləri nəzərə alsaq, bunu əsassız adlandırmaq çətindir. Hər gün milyonlarla insan sonu ölümlə nəticələnən səhv reseptlər alır. SİİM layihəsi dərman preparatları üzrə reseptlərin yazılışında yol verilən səhvlərin aradan qaldırılmasını nəzərdə tutur”.
Onun sözlərinə görə, sistem həkimlərə müalicə dövründə pasiyentlər və daha əvvəl xəstəyə yazılan digər dərman preparatlarının qarşılıqlı təsiri baxımından onlara yazılan dərman preparatları haqqında statistika aparmağa imkan verir. Bu, bir-biri ilə uyuşmayan dərmanların eyni vaxtda tətbiqindən qaçmağa imkan verir: “Praktikada resept unikal kod şəklində SMS-lə xəstəyə göndəriləcək və həmin kodla preparatı aptekdən almaq mümkün olacaq. Əgər əczaçı üzrlü səbəblərdən reseptdə göstərilən preparatın əvəzləyicisini təqdim edərsə, onda həmin informasiya da sistemdə öz əksini tapacaq”.
Sistem xatırlatma funksiyasına malik olacaq ki, bu da həkim tərəfindən yazılmış preparatları vaxtında qəbul etməyə imkan verəcək, həmçinin onlayn həkim konsultasiyaları funksiyasına malik olacaq. Pasiyentlər həkimə başçəkmə tarixlərini və onların hansı preparatları qəbul etdiklərini izləyə biləcəklər.
Sistem aptekin işini asanlaşdırmağa imkan verən modullara da malik olacaq: Məsələn, dərmanların yararlılıq müddətinə nəzarət etmək. Apteklərə yararlılıq müddəti üzrə illik audit yoxlamalarını aparmaq lazım gəlməyəcək, çünki sistem bu və ya digər preparatın istifadə müddətinin başa çatması barədə vaxtında xəbərdarlıq etməyə imkan verir. Bunun üçün onların çatdırılması zamanı tarix bazasına yararlılıq müddətinin daxil edilməsi kifayətdir.
İ.Tağıyev qeyd edib ki, hazırda informasiyanın əsaslanacağı veb-interfeysin hazırlanması üzrə işlər başa çatmaqdadır: “Bu istiqamətdə işlərin ilin sonunda tamamlanması planlaşdırılır. İstifadəçilərin həm desktop versiyadan, həm də Android və iOS ƏS mühitində çalışan smartfon və planşet kompüterlər üçün uyğunlaşdırılmış versiyadan istifadə etməsi mümkün olacaq”.
Layihə rəhbərinin dediyi kimi, miqyasına görə SİİM iri layihədir və perspektivdə onun genişləndirilməsi üçün əlavə kapital qoyuluşlarının tələb olunacağı istisna edilmir. Söhbət ali tibbi məktəblərin tələbələri üçün təlimlərin keçirilməsi məqsədilə aparat platformalarının alınması, marketinqin təşkilinə xərclər və s. haqqında gedir: “Əsas məsələ bu xidmətin genişləndirilməsi üçün dəyərli platformanın qurulmasıdır. Hazır platformanın mövcudluğu və Azərbaycan Səhiyyə Nazirliyinin razılığı respublikada bu sistemin praktiki tətbiqinin əsas amilidir. Əlbəttə, biz maraqlıyıq ki, sistem ölkə üçün faydalı olsun, amma onun respublika xaricində öz tətbiqini tapa biləcəyi istisna edilmir. Buna səbəb Qazaxıstanda və Dubayda bu sistemə göstərilən böyük maraqdır”.
Trend.az