Dirçəliş Günü münasibətilə aztəminatlı ailələrə yardım edildi
17 noyabr – Milli Dirçəliş Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətində rayon ərazisində yaşayan aztəminatlı ailələrilə görüş keçirildi.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, aparatın şöbə müdirləri, rayon ictimaiyyəti iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan E.Abbasov əvvəlcə hər kəsi Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun adından salamladı və bu gözəl gün münasibətilə təbrik etdi. Qeyd etdi ki, XX əsrin 80-cı illərinin ortalarından etibarən keçmiş SSRİ-də baş vermiş ictimai-siyasi proseslər nəticəsində Azərbaycanın müstəqillik qazanması üçün geniş imkanlar yarandı. O zamankı SSRİ rəhbərliyinin məkrli qonşularımız ermənilərlə əlbir olub Dağlıq Qarabağı Azərbaycandan işğal edərək Ermənistanın nəzarətinə verməsi istiqamətində atdığı addımlar xalqımızın səbir kasasını daşırdı. Xalqımız imperiya buxovlarından, əsarət zəncirindən azad olmaq istəyirdi. Bu mübarizələr yolunun sona çatmasını isə Azərbaycan xalqı “dirçəliş” günü adlandırdı. Bütün bunların məntiqi sonluğu müstəqilliyimizi qazanmağımız oldu. Lakin müstəqilliyini qazandıqdan sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Ancaq böyük siyasi təcrübəyə malik olan ümummilli lider Heydər Əliyevin ölkədə yenidən hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu. Bütün sahələrdə inkişaf və əsl oyanış müşahidə olunmağa başladı. Azərbaycan intibah və dirçəliş dövrünə qədəm qoydu. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin qüdrətini daha da artırmaqdadır.
Daha sonra çıxış edən Filyar Həsənova göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərliyinə və rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirdi.
Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 200-ə yaxın aztəminatlı ailəyə rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı verildi.
Trend.az