Ukrayna Krımdan aviareys məsələsi ilə bağlı Ermənistana xəbərdarlıq etdi
Ukrayna ümid edir ki, Ermənistan Krımdan birbaşa reysləri qəbul etməyəcək. Trend-in məlumatına görə, bunu Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya siyasəti departamentinin direktoru Yevgeni Perebeynis ötən gün “Qroznı Avia” şirkətinin həyata keçirdiyi Simferopol-Yerevan birbaşa reysi ilə bağlı məsələni şərh edərkən Ermənistanın Birinci informasiya kanalına deyib.
Onun sözlərinə görə, Ukrayna hökumətinin qərarına əsasən, Ukraynanın tərkib hissəsi olan Krımın bütün aeroportları, o cümlədən Simferopol aeroportu hava əlaqəsi üçün bağlanıb: “Müvafiq olaraq Krımın aeroportlarından, xüsusən də Simferopol hava limanından həyata keçirilən istənilən reys qanunsuzdur və belə reysi həyata keçirən şirkət hər şeydən əvvəl qanunu pozur və Beynəlxalq Mülki Aviasiya Təşkilatı tərəfindən sanksiyalara məruz qalmalıdır”.
Y.Perebeynis əlavə edib: “İstənilən halda ümid edirik ki, tərəfdaşlarımız Krımın Ukrayna ərazisi olmasına, qeyri-legitim hakimiyyətin həyata keçirdiyi reyslərin qanunsuz olduğuna sadiq qalacaqlar və Rusiyanın ilhaq etdiyi Krımdan birbaşa reysləri qəbul etməyəcəklər”.
Qeyd edək ki, noyabrın 16-da “Qroznı Avia” aviaşirkəti Simferopoldan Yerevana müntəzəm reyslərə başlayıb. İlk reys Simferopol hava limanından səhər çıxıb.
Qondarma “Krım respublikası”nın nəqliyyat naziri Anatoli Tsurkin bildirib: “Bu, Krımın Rusiyaya birləşdirilməsindən sonra Simferopoldan açılan ikinci, biletləri onlayn bronlanan birinci beynəlxalq aviamarşrutdur”.
Nazirin sözlərinə görə, Yerevandan Simferopola reys isə noyabrın 17-də həyata keçiriləcək.
Reyslər həftədə bir dəfə icra olunacaq.
Trend.az