Bakı beynəlxalq metropol tədqiqatlarının diqqət mərkəzində

Posted by

Bakı beynəlxalq metropol tədqiqatlarının diqqət mərkəzində

Bakı beynəlxalq metropol tədqiqatlarının diqqət mərkəzində

 

Bakı beynəlxalq metropol tədqiqatlarının diqqət mərkəzində

Almaniyanın paytaxtı Berlində Bakıya həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib. “Bakı – periferiyada metropol?” adlanan bu tədbir Berlindəki Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının təşəbbüsü ilə təşkil edilib.

 

Konfransda dünyanın bir sıra ölkələrindən (ABŞ, Kanada, Almaniya, Azərbaycan, Avstriya, Polşa, Rusiya, Türkiyə və s.) gələn və müxtəlif elm sahələrini təmsil edən alimlər Bakı haqqında tədqiqat işlərindən danışıb, fikir mübadiləsi aparıblar.

 

Adından da göründüyü kimi, bu elmi tədbirdə əsas məqsəd Bakı şəhərinin bir metropol olaraq ərsəyə gəlməsində rol oynamış tarixi, iqtisadi, mədəni, siyasi, coğrafi, sosial və digər amillərin, eyni zamanda, onun nəinki Qafqaz, həm də Xəzər hövzəsi regionlarında və bütövlükdə Rusiya imperiyasında (həmçinin keçmiş Sovetlər Birliyində) mühüm iqtisadi mərkəzlərdən birinə çevrilməsi və beynəlxalq şəhərlər (“global city”) sisteminə daxil olması prosesinin araşdırılması idi.

 

Bir ənənə olaraq Bakı indiyə qədər, demək olar ki, yalnız neft meqapolisi kimi tədqiqatçıların diqqətini cəlb etsə də, Berlin Universitetinin bu yeni təşəbbüsü praktiki olaraq həmin stereotipi aradan qaldırmağa yönəlib. Çünki burada qaldırılan məsələlər Bakını müasir bir metropol olaraq müxtəlif elm sahələrinin (iqtisadiyyatşünaslıq, sosiologiya, kulturologiya, tarixşünaslıq, təbiətşünaslıq və s.) baxış bucaqlarından əhatə etmək səylərini nümayiş etdirir. Bütün bu aspektlər, təbii ki, Azərbaycanın qədim paytaxtının, bir tərəfdən, Şərq mədəniyyəti ənənələrini, islam aləmini, digər tərəfdən isə Qərb sivilizasiyası və Avropa mədəniyyətini son dərəcə özünəməxsus şəkildə birləşdirməsini ehtiva edir. Bu da öz növbəsində bugünkü Bakının yeni simasının formalaşmasını, onun dünya arenasında bənzərsiz bir obrazda çıxış etməsini şərtləndirən amillərdəndir.

 

Konfransın panellərinin gündəliyindəki məsələlərə diqqət yetirəndə təşkilatçıların mövzunu necə hərtərəfli əhatə etmələrini görmək olar. Panellər “Tarixi perspektivlər: tarixi yaddaş – özünü səciyyələndirmə”, “Qüvvə mərkəzləri – iqtisadi, sosial və siyasi fəzalar”, “Ərazi və funksional strukturlar, arxitekturoloji konsepsiyalar”, “Bakı mövcud regional və beynəlxalq əlaqə şəbəkəsində”, “Mədəni və dini plüralizm, fərqliliklər”, “Etnik azlıqlar şəhər həyatında”, “Sosial dinamika – miqrasiya prosesləri”, “Biomüxtəliflik: ətraf mühit – həyat keyfiyyəti”, “Paytaxt şəhərin əlvanlıqları və yaşam formalarının müxtəlifliyi” və s. mövzuları əhatə edib.

 

Humboldt Universitetinin təntənəli mərasimlər zalında işinə başlayan tədbirin əvvəlində geniş açılış məruzəsi ilə çıxış edən Azərbaycan tarixi kafedrasının müdiri, professor xanım Eva-Maria Aux Azərbaycan ilə bağlı ən azı otuz illik araşdırmaları nəticəsində gəldiyi qənaətləri toplantı iştirakçıları ilə bölüşüb. Onun deyib ki, Qərb elmində metropoliya araşdırmaları son dövrlərdə xüsusi vüsət almaqda ikən Bakının da məhz bu yöndə tədqiqatlara cəlb edilməsi tamamilə vaxtı çatmış məsələdir və bu mövzu mütləq Azərbaycanşünaslığın vacib bir hissəsi olmalıdır.

 

Konfransın iştirakçıları Vyana Texniki Universitetinin professoru xanım Marina-Döring Villiamsın, Binqhamton Universitetinin professoru xanım Heather De Haanın, Yena Universitetinin professoru xanım Tsypulma Dariyevanın, Humboldt Universitetinin doktorantı Martin Fleyşmanın, əslən Polşalı, Sankt-Peterburqdakı Avropa Universitetinin doktorantı Aneta Strzemzalskanın və digərlərinin Bakı haqqında məruzələrini xüsusi maraqla qarşılayıblar.

 

Azərbaycan alimlərindən isə Bakı Dövlət Universitetinin professorları Abutalıb Cəlilovun və Lətifə Əliyevanın, İnşaat Mühəndisləri Universitetinin rektoru, professor Gülçöhrə Məmmədovanın, Xarici Dillər Universitetinin professoru Svetlana Cəbrailovanın, Mədəniyyət və İncəsənət Universitetinin professoru Niyazi Mehdinin, Humboldt Universitetinin doktorantı Sevil Hüseynovanın məruzələri də konfrans iştirakçılarında dərin maraq doğurub.

 

İki gün davam edən bu maraqlı tədbirdəki çıxışlar bir daha göstərdi ki, Azərbaycanın paytaxtı Bakı həqiqətən dünyanın diqqətini getdikcə daha çox özünə çəkməkdədir və onun zəngin tarixi, bu günü də dünya elmi fikri üçün cəlbedici əlvanlığa malikdir.

 

AzərTac.az