Baş prokuror Zakir Qaralov Salyan şəhərində vətəndaşları qəbul edib
Baş prokuror Zakir Qaralov Salyan rayon Prokurorluğunun inzibati binasında Şirvan şəhəri, Salyan, Hacıqabul, Sabirabad, Saatlı və Masallı rayonlarından olan vətəndaşları qəbul edib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbuldan əvvəl baş prokuror və Salyan rayon İcra Hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror bölgədə yaşayan 11 vətəndaşın müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.
Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, eyni zamanda prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Apa.az