Sloveniya və Azərbaycan arasında birbaşa aviareys açıla bilər

Posted by

Sloveniya və Azərbaycan arasında birbaşa aviareys açıla bilərSloveniya və Azərbaycan arasında birbaşa aviareys açıla bilər

Sloveniya və Azərbaycan arasında birbaşa aviareys açıla bilər

Sloveniya Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək niyyətindədir. İki ölkə arasında əməkdaşlığın gələcək inkişafı üçün iqtisadiyyatın müxtəlif sahələri, xüsusilə kənd təsərrüfatı, turizm, İKT və energetika prioritet olacaq. Bunu cümə günü Trend-ə Sloveniyanın Azərbaycandakı (iqamətgahı Ankarada yerləşməklə) səfiri Milan Yazbeç deyib.

 

Onun sözlərinə görə, iki ölkə arasında mübahisəli məsələ yoxdur, son 20 ildə Azərbaycan və Sloveniya arasında münasibətlər siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf edib: “Dövlət başçıları arasında yaxşı dialoq mövcuddur. Sloveniya Prezidentinin 2009-cu ildə rəsmi səfəri baş tutub, 2011-ci Azərbaycan Prezidenti Sloveniyaya cavab səfəri edib, Sloveniyanın Baş naziri ötən ilin yanvarında Azərbaycana gəlib. Bu səfərlər zamanı bəyan edilib ki, Sloveniya Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafını prioritet hesab edir. Bu əməkdaşlıq üçün bütün sahələrdə yaxşı potensial mövcuddur”.

 

Diplomat qeyd edib ki, Sloveniya hökuməti enerji sahəsində Azərbaycanla əməkdaşlığa böyük önəm vermək niyyətindədir: “Hökumətlər arasında bu məsələ üzrə danışıqlar davam edir. Sloveniya kənd təsərrüfatı sahəsində əməkdaşlığa da böyük maraq göstərir. Hər iki ölkə idxal və ixrac edilən kənd təsərrüfatı məhsullarının çeşidini xeyli genişləndirə bilər. Biz Azərbaycandan meyvə-tərəvəz, şərab idxalını xeyli artırmaq niyyətindəyik. Öz kənd təsərrüfatı məhsullarımızı isə Azərbaycan bazarına ixrac edə bilərik”.

 

M.Yazbeçin sözlərinə əsasən, turizm iki ölkənin əməkdaşlığı üçün daha bir sahədir: “Sloveniyanın kurortlarında istirahət edən, ölkənin tarixi, mədəniyyəti və mətbəxi ilə tanış olan azərbaycanlı turistlərin sayı ildən-ilə artır. Birbaşa aviareysin açılması iki ölkənin əlaqələrinin genişlənməsinə yaxşı töhfə verə bilər. Hazırda mövcud məsələ nəzərdən keçirilir. “Azərbaycan Hava Yolları” QSC ilə artıq müəyyən danışıqlar aparılıb. Biz çarter reyslərinin açılması üzərində də düşünürük”.

 

Səfir əlavə edib ki, tarixən ölkələrimiz arasında yaxşı münasibətlər olub: “Sloveniya xalqı bizim torpağımızda faşist işğalçılarına qarşı vuruşmuş Azərbaycan xalqının şanlı oğlu Mehdi Hüseynzadənin – Mixaylonun xatirəsinə hörmətlə yanaşır. Azərbaycan Prezidenti 2011-ci ildə Sloveniyaya səfər edərkən Mehdi Hüseynzadənin xatirə muzeyinin açılışında iştirak edib”.

 

M.Yazbeç bildirib ki, Sloveniya hökuməti münasibətlərin səviyyəsini strateji tərəfdaşlığadək yüksəltmək niyyətindədir və Azərbaycana yeni fəxri konsulun təyin edilməsi bu işə öz töhfəsini verəcək: “Hazırda baş konsulun başçılıq etdiyi diplomatik nümayəndəliklə məhdudlaşdırılan Sloveniyanın Azərbaycandakı diplomatik missiyasının gələcəkdə genişləndirilməsi iki ölkənin əməkdaşlığının inkişaf tempindən asılı olacaq. İqtisadi əməkdaşlıq nə qədər çox inkişaf etsə, buna tələbat da bir o qədər çox hiss olunacaq”.

 

Diplomat vurğulayıb ki, münasibətlərə təkan vermək üçün hökumət qarşılıqlı səfərlərin təşkili üzərində iş aparır: “Biz hazırda səfərlərin reallaşdırılması üzərində çalışırıq”.

 

Trend.az