Azərbaycan-Amerika Alyansı Vaşinqtonda ziyafət təşkil edib
Noyabrın 12-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində bu ölkədə fəaliyyət göstərən Azərbaycan-Amerika Alyansının təşəbbüsü ilə 3-cü təntənəli ziyafət mərasimi baş tutub.
“APA-Economics”in məlumatına görə, Endryu Mellon Auditoriyasında keçirilən və 600-dən çox qonağın qatıldığı mərasimdə ABŞ Konqresinin nümayəndələri, bu ölkədə fəaliyyət göstərən diplomatik korpus, analitik mərkəzlər, akademik və işgüzar dairələrin təmsilçiləri iştirak ediblər.
Azərbaycan-Amerika Alyansının təşəbbüsü ilə keçirilən builki – “Azərbaycanın gözəlliyi və təbiət möcüzələri” adlı sayca 3-cü təntənəli ziyafət mərasimi Azərbaycanın təbiət və mədəniyyət gözəlliklərinin təbliğinə həsr olunub.
Ziyafət mərasimini giriş sözü ilə açan Azərbaycan-Amerika Alyansının təsisçisi və rəhbəri Anar Məmmədov qonaqları salamlayaraq, onları təntənəli ziyafət mərasimində görməkdən şad olduğunu bildirib: “Bakı və Vaşinqton iki böyük dostun – Azərbaycan və Amerikanın milli paytaxtlarıdır! Bizim mədəniyyətimiz, bizim tariximiz əsrləri əhatə edir və bizi bir-birimizdən böyük okean, iki qitənin ayırmasına baxmayaraq, ən yaxın qonşular kimi, özümüzə və bir-birimizə hörmət dəyərlərimiz eynidir”.
Daha sonra çıxış edən Azərbaycanın ABŞ-dakı Fövqəladə və Səlahiyyətli Səfiri Elin Süleymanov qonaqları salamlayıb. “Bu gün Azərbaycan-Amerika Alyansının təşkil etdiyi tədbirdə iştirak edən hörmətli qonaqlarımız Vətənimiz Azərbaycanın gözəlliyi və təbiət möcüzələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər”, – deyə səfir qeyd edib.
Mərasimdə çıxış edən ABŞ Konqresmeni, Azərbaycan-Amerika Alyansı İdarə Heyətinin sədri Den Berton Azərbaycan və ABŞ arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib.
Təntənəli ziyafət mərasimi çərçivəsində Azərbaycan mətbəxinin beş ənənəvi yeməyindən ibarət şam süfrəsi açılıb.
Azərbaycanın tanınmış incəsənət xadimləri qonaqlara unudulmaz hisslər bəxş ediblər.
Dövlət Rəqs Ansamblı Azərbaycanın möhtəşəm milli rəqslərini nümayiş edib.
Trend.az