Bilik Fondunda ödənişsiz əsaslarla dil və peşə kursları fəaliyyət göstərəcək
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ali təhsil ocaqlarında təqdimatları davam edir.
Növbəti təqdimat Azərbaycan Dövlət Tibb Universitetinin Tədris-Terapevtik Klinikasında olub.
Bilik Fondundan AzərTAc-a bildirilib ki, təqdimat mərasimində klinikanın direktoru professor Surxay Musayev, tanınmış alimlər, həkimlər, müəllimlər və tibb bacıları iştirak ediblər.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Fondun yaranma tarixi və fəaliyyəti barədə geniş məlumat verərək qeyd edib ki, rəhbərlik etdiyi qurumun layihələrinin həyata keçirilməsində sağlam cəmiyyətin qurulmasına xidmət edən həkimlərin iştirakına ehtiyac var. O.Səmədov vurğulayıb ki, tibb işçiləri, xüsusən də səhiyyə sistemində çalışan alim və tədqiqatçılar Fondun dəstəyi ilə bilik və bacarıqlarını əhaliyə daha təsirli formada çatdıra bilərlər. Bilik Fondunun sosial sifarişlərə xüsusi diqqətlə yanaşdığını xatırladan icraçı direktor deyib ki, vətəndaşların hansı tibbi mövzuda maariflənməsinin vacibliyini məhz həkimlər müəyyənləşdirməlidirlər.
Bilik Fondunda ödənişsiz əsaslarla dil və peşə kurslarının fəaliyyət göstərəcəyini xatırladan O.Səmədov bildirib ki, Tibb Universitetinin tələbələri həmin kurslardan bəhrələnə, müəllimlər konkret mövzular üzrə mühazirələr oxuya bilərlər.
Professor S.Musayev rəhbərlik etdiyi klinikanın təcrübəli əməkdaşlarının Bilik Fondunun layihələrində yaxından iştirak edəcəyinə əminliyini vurğulayıb.
AzərTac.az