Bakıda Dünya Gözdən Əlillər Günü qeyd edilib
Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (AGƏC) və Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsinin təşkilati dəstəyi ilə noyabrın 13-də Rəşid Behbudov adına Mahnı Teatrında Dünya Gözdən Əlillər Gününə həsr edilən “Sərhədsiz incəsənət” layihəsinin təqdimatı olub.
AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səslənib.
AGƏC-in sədri Səmyar Abdullayev qurumun fəaliyyətindən söz açaraq bildirib ki, son illər Azərbaycanda əlillərin cəmiyyətə inteqrasiyasına və onların həyat tərzinin yaxşılaşdırılmasına dair çoxsaylı tədbirlər keçirilib.
Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Nəriman bildirib ki, görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş insanlar belə tədbirlər sayəsində dünya ilə tanış olur, özlərinə dost tapır, yaradıcı və intellektual imkanlarını ortaya qoyurlar.
AGƏC sədrinin müavini, “Sərhədsiz incəsənət” layihəsinin rəhbəri Reyhan Cəfərova bildirib ki, layihə gözdən əlillərin həyatında mühüm rol oynayacaq. O vurğulayıb ki, dünyanın bir çox ölkələrində görmə qabiliyyətini qismən və ya tamamilə itirmiş insanlara böyük diqqət yetirilir.
Sonra tifloşərhlə müşayiət olunan bədii film nümayiş etdirilib.
Tədbirin sonunda görmə qabiliyyəti məhdud olan uşaqlar çıxış ediblər.
AzərTac.az