İlk ictimai şura Gəncə Şəhər İcra Hakimiyyəti yanında yaradılacaq
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Gəncədə ABŞ və Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) layihəsi və USAID ilə birgə əməkdaşlıq çərçivəsində “Vətəndaş iştirakçılığı: Qanunvericilik və onun tətbiqi məsələləri” mövzusunda milli kofrans keçirib.
Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, bölgənin 9 rayonunu – Şəmkir, Tovuz, Qazax, Gədəbəy, Ağstafa, Samux, Göygöl, Daşkəsən, Goranboyu təmsil edən icra hakimiyyətlərinin rəsmiləri, bələdiyyə nümayəndələri, yerli QHT rəhbərləri, ABŞ Beynəlxal İnkişaf Agentliyinin baş ofisinin Qafqaz üzrə məsul işçisi xanım Hezer Vord, İCNL-in vitse-prezidenti xanım Nataliya Burjali, KİV və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.
Tədbirdən əvvəl konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edib və onun önünə gül-çiçək dəstələri qoyublar. Tədbir iştirakçıları Gəncədə inşa olunan və dünyanın ən böyük parklarından biri olan Heydər Əliyev Parkı və Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olublar.
Konfrans iştirakçılarını salamlayan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı E.Vəliyev ölkə Prezidenti cənab İlham Əliyevin qeyri-hökumət təşkilatlarının fəaliyyətinə və inkişafına daim diqqət, qayğı göstərdiyini bildirib. O, vətəndaş cəmiyyəti institutlarının dövlətlərin iqtisadi və sosial həyatında mühüm rol oynadığını və çoxsaylı ictimai, sosial, iqtisadi problemlərin həllində vacib tərəfdaş kimi çıxış etdiyini qeyd edib. İcra başçısı konfransın keçirilməsini regionda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına yüksək qayğı olaraq dəyərləndirib və onun işinə uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dovlət Dəstəyi Şurasının sədri, millət vəkili A.Quliyev “İctimai iştirakçılıq” haqqında qanunun qəbulunu və cənab Prezident İlham Əliyev tərəfindən icraya yönəldilməsinin ölkə vətəndaşlarının dövlət idarəçiliyində və qərar qəbulunda fəal iştirakının təmin edilməsi baxımından çox mühüm bir hadisə olduğunu qeyd edib. Şura sədri Azərbaycan hökumətinin bu addımını indiyə qədər ölkədə keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin davamı və dövlət-vətəndaş münasibətlərinin inkişafında növbəti, keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib.
O, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı yönündə ardıcıl həyata keçirilən dövlət siyasəti, Şuranın QHT-lərə verdiyi dəstəyin istiqamətləri haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib. Şuranın hər zaman dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında dialoq mühitinin genişlənməsinə çalışdığını deyən A.Quliyev icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin təmin olunmasının onların fəaliyyətinin effektivliyinin artırılmasına böyük töhfə verəcəyini söyləyib.
USAID-in Vaşinqtondakı baş ofisinin Cənubi Qafqaz ölkələri üzrə məsul şəxsi xanım H.Vord çıxışında bildirib ki, ABŞ hökuməti Azərbaycan vətəndaşlarının, QHT-lərinin və özəl sektor nümayəndələrinin ölkənin sosial və iqtisadi inkişafına töhfə vermək üçün geniş və davamlı imkanlar yaratmaq sahəsində səylərinin dəstəkləməkdən qürur hissi duyur.
SEDA layihəsinin rəhbəri Timoto Madiqan və İCNL-in vitse-prezidenti xanım N.Burjali çıxışlarında ictimai iştirakçılıqla bağlı beynəlxalq təcrübə haqqında fikirlərini bölüşərək Azərbaycanda vətəndaş iştirakçılığı istiqamətində atılan addımları və dövlətin bu sahədə davamlı olaraq gördüyü işləri yüksək qiymətləndirdiklərini bildiriblər.
“İctimai iştirakçılıq haqqında” qanunun tətbiqi məsələlərinə xüsusi diqqət yetirildiyi konfrans dövlət orqanları rəsmilərinə və vətəndaş cəmiyyəti nümayəndələrinə idarəetmədə vətəndaş iştirakçılığını təkmilləşdirmək üçün uğurlu təşəbbüsləri müzakirə etmək imkanı yaradıb.
Konfransın plenar hissəsindən sonra keçirilən panellərdə ekspertlər, Şura üzvləri, “Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev və Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev ictimai iştirakçılığı təmin edən hüquqi mexanizmlər üzrə seçilmiş müsbət yerli və beynəlxalq təcrübənin təqdimatını və müzakirəsini keçiriblər.
Toplantıda, eyni zamanda, sözügedən qanunun tətbiqi ilə bağlı ilk ictimai şuranın Gəncə Şəhər İcra Hakimiyyəti yanında yaradılması ilə bağlı razılıq əldə olunub.
Trend.az