Səməd Seyidov: “Ermənilər hərbi təlimlər keçirməklə, hərbi vertolyotları havaya qaldırmaqla əhalini qorxu altında saxlamağa çalışırlar”
Azərbaycanın işğal olunmuş ərazilərində erməni qüvvələri tərəfindən xüsusi hərbi təlimlərin keçirilməsi, hərbi vertolyotların havaya qaldırılması, bununla təmas xətti yaxınlığında yaşayan əhalinin hədə-qorxu altında saxlanılmasına cəhd göstərilməsi barədə məsələ Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin, Siyasi Komitənin iclaslarında və AŞPA-nın yanvar sessiyasında qaldırılacaq.
Bunu APA-ya açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.
O bildirib ki, Azərbaycan nümayəndə heyəti dəfələrlə AŞPA-da məlumat verib və xəbərdarlıq edib ki, Azərbaycanın torpaqları işğal altındadır və atəşkəsin mövcudluğu o demək deyil ki, Azərbaycan torpaqlarını işğal etmiş erməni qüvvələri orada xüsusi təlim keçə, uçuşlar təşkil edə, hədə-qorxu gələ bilər: “Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlarımızdan çıxmalı, danışıqlarda konstruktiv mövqe ortaya qoymalıdırlar. Hərbi vertolyotlardan başqa, Azərbaycanın işğal olunmuş torpaqlarında qeyri-qanuni hərbi təlimlərin keçirilməsi, tankların hərəkətləri və snayperlərlə bağlı məsələlər var. Guya bir tərəfdən danışıqlarda iştirak edirlər, digər tərəfdənsə işğal olunmuş ərazilərin üzərində hərbi təlimlər keçirməklə, hərbi vertolyotları havaya qaldırmaqla insanları vahiməyə salırlar. Ona görə də erməni tərəfinin beynəlxalq qayda-qanunlara riayət etməməsini, danışıqlar prosesini pozmasını beynəlxalq ictimaiyyətə çatdırmaq lazımdır. Ermənistanın yürütdüyü siyasət sülh, barışıq, işğal olunmuş torpaqlardan çıxmaq əvəzinə, aqressiv bir mövqe nümayiş etdirməkdir. Təbii ki, biz bu məsələ ilə bağlı münasibətimizi bildirmişik, bildiririk, bundan sonra da bildirəcəyik. Xüsusilə nəzərə alsaq ki, Avropa Şurasında Azərbaycanın işğal altındakı torpaqları ilə bağlı məruzə hazırlanır, bütün bunların hamısı orada əksini tapacaq. Məruzəçiyə mən bu haqda mütləq məlumat çatdıracağam. Artıq bununla bağlı məruzəçi ilə xüsusi görüş keçiriləcək. Azərbaycana qarşı hər hansı addım beynəlxalq ictimaiyyət tərəfindən tanınmalıdır. Bunun üçün isə beynəlxalq təşkilatlarda bu məsələ ilə məşğul olan şəxslər bundan agah olmalıdırlar”.
Apa.az