Azərbaycan parlamentində körpələrə qulluq pulunun artırılması müzakirə edilib
Azərbaycanda körpələrə ayrılan qulluq pulunun artırılması təklif edilir.
Trend-in məlumatına görə, bu təklifi Milli Məclis üzvü Elmira Axundova Sosial siyasət komitəsində “Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi” haqqında qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.
E.Axundova qeyd edib ki, yaş yarıma qədər körpəyə qulluq üçün ayda 30 manat, bundan sonrakı müddətdə 3 yaşına qədər uşağa qulluq etmək üçün anaya ayda 15 manat verilir: “Bu rəqəmlər çox azdır və azı 60 və 30 manata çatdırılmalıdır”.
E.Axundova vurğulayıb ki, bu məbləğ qonşu dövlətlər, xüsusilə də Rusiya və Qazaxıstana nisbətən azdır: “Digər tərəfdən, Prezidentin sərəncamına əsasən, Azərbaycanda uşaqlar üçün yaşayış minimumu 103 manatdır. Belə olan təqdirdə, uşaqlara qulluq üçün nəzərdə tutulan məbləğ niyə 15-30 manat həddində olmalıdır?”
Millət vəkili doğuş üçün anaya verilən birdəfəlik müavinətin məbləğinin 90 AZN-dən 100 manata qaldırılmasını da təklif edib: “Bu, 100 manata qaldırılsa, artıq kifayət qədər ciddi və sanballı rəqəm olar”.
Trend.az