Azad Rəhimov Lənkəranda vətəndaşları qəbul edib
Gənclər və idman naziri Azad Rəhimov noyabrın 7-də Lənkəran şəhərində vətəndaşlarla görüşüb.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan qəbulda Lənkəran şəhər, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından 30-dək vətəndaş iştirak edib.
Qəbul zamanı gənclər sahəsində edilən müraciətlər sırasında QHT yaradılması üçün dəstək verilməsi, müxtəlif layihələrin dəstəklənməsi, yay istirahət düşərgələrinin təşkili, məktəblərdə hərbi hazırlıq otaqlarının, “Şahin”, “Cəsurlar” hərbi idman oyunlarının keçirilməsi üçün bazanın yaradılması, Bakı 2015 Avropa oyunlarına könüllülərin cəlb edilməsi və s istiqamətində olub.
Fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman zallarının idman avadanlıqları ilə təmin edilməsi, ölkədə beynəlxalq yarışların keçirilməsi idman sahəsində edilən müraciətlərlə bağlı ərizələr qəbul edilib.
Eyni zamanda, Gənclər Mərkəzlərinin, Olimpiya İdman Komplekslərinin tikilməsi, bəzi idman qurğularının təmiri sahəsində də təkliflər verilib.
Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı bağlı olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Trend.az