Fransalı qonaqlar Azərbaycanın tolerantlıq ənənələri ilə tanış olublar
Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə bu ölkədəki Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Milli Tolerantlıq Mərkəzini ziyarət edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Fransa parlamentinin üzvlərindən, hüquqşünas, jurnalist, elm və mədəniyyət xadimlərindən ibarət heyətə Mərkəzin fəaliyyət istiqamətləri, həyata keçirilmiş sosial, mədəni və akademik layihələr, o cümlədən gələcək planlar haqqında geniş məlumat verilib.
Mərkəzin icraçı direktoru Elmin Əliyev qeyd edib ki, Azərbaycan həmişə müxtəlif etnik və dini qrupların birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu tarixi məkan olub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşdırılan bu layihələrin əsas məqsədi Azərbaycanda tarixən mövcud olmuş birgə yaşayış ənənəsinin, qarşılıqlı hörmət prinsipinin yaşadılması, habelə, Azərbaycan tolerantlıq modelinin dünyada tanıdılmasıdır.
Görüşdə iştirak edən qeyri-müsəlman icma nümayəndələrindən Robert Mobili, Moisey Bekker, Rasim Xəlilov və digərləri Azərbaycanda bütün dinlərə və millətlərə qarşı yüksək mədəniyyət nümayiş etdirildiyini, dövlət tərəfindən bütün xalqların nümayəndələrinə bərabər münasibət bəsləndiyini vurğulayaraq ölkə rəhbərliyinin din sahəsinə diqqət və qayğısından danışıblar.
Heyət üzvləri Azərbaycandakı milli-mənəvi dəyərlərin, tolerantlıq ənənəsinin unikallığını və bu sahədə görülən işlərin əhəmiyyətini yüksək qiymətləndirdiklərini bildiriblər. Jan-Fransua Mansel nəzəri və praktiki əsasları olan Azərbaycan tolerantlıq modelinin Fransada tanıdılması üçün əməkdaşlığa hazır olduqlarını qeyd edib, birgə fəaliyyət istiqamətində konkret təkliflərin hazırlanması üçün iki qurum arasında razılıq əldə olunub.
Trend.az