Azərbaycan və Rusiya alimləri Xəzərin qayğısına qalacaqlar
Azərbaycan və Rusiya alimləri birlikdə Xəzər dənizinin ekoloji problemlərini və Xəzərin səviyyə tərəddüdlərini araşdıracaqlar.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, ilkin olaraq Xəzər dənizinin ekoloji problemlərinin araşdırılmasına başlamaq nəzərdə tutulur. Bu araşdırma aparılarkən neft hasilatı zamanı Xəzərin çirklənməsi, sualtı neft və qaz kəmərlərinin çəkilməsi zamanı yaranan fəsadlar, kiçik liman sahələrinin neft tullantılarından təmizlənməsi, Xəzərin hidrometeorologiyası kimi məsələlər öyrəniləcək.
Gələn ildən başlanılması nəzərdə tutulan tədqiqat Xəzər dənizinin Azərbaycan və Rusiya sektorlarında aparılacaq.
Tədqiqatlar Azərbaycan Coğrafiya Cəmiyyəti ilə Rusiya Coğrafiya Cəmiyyəti arasında imzalanmış müqaviləyə uyğun olaraq həyata keçiriləcək. Xəzər dənizinin səviyyə tərəddüdlərinin öyrənilməsi isə sonrakı illər ərzində reallaşacaq.
Növbəti illər ərzində Rusiya alimləri ilə landşaft planları, iqlim dəyişmələri ilə əlaqədar dağ geosistemlərinin yayılmasında gözlənilən dəyişikliklər, demoqrafik problemlər, əhalinin miqrasiyası məsələləri öyrəniləcək. Rusiya və Azərbaycan alimləri yükdaşıma baxımından nəqliyyat yollarının genişləndirilməsi və birgə istifadəsi imkanlarını, yəni yollar çəkilərkən orada baş verən ekoloji problemləri, torpaqların yollar altında qalması problemlərini, dəmiryol və avtomobul yolları və boru kəmərlərinin istismarı zamanı yaranan ekoloji problemləri də araşdıracaq və problemlərin qarşısının alınması üçün birgə təkliflər hazırlayacaqlar.
Trend.az