Azərbaycanda alimləri tərəfindən yeni gübrə yaradılıb
Azərbaycanda alimləri tərəfindən yeni gübrə yaradılıb.
APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında “Bioloji aktiv reagentlərin, gübrələrin yaradılması və ilkin sınaqları” mövzusunda məruzə ilə çıxış edən Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov bildirib ki, yeni gübrədə karbon, fosfor, hidrogen, azot və oksigendən başqa ayrı bir element yoxdur.
Onun sözlərinə görə, bu gübrə ilk dəfə olaraq qarğıdalı əkin sahəsində tətbiq edilib və nəticələr uğurlu olub: “Azot, fosfor gübrələri birgə istifadə edildikdə, qarğıdalıda 12 ədəd qılça, bizim yeni yaratdığımız gübrə istifadə edildikdə isə 17 ədəd qılça olur. Hətta dənlərin sayında da ciddi fərqlər qeydə alınıb. Bundan əlavə, hər hektarda yeni gübrədə 150 manat dəyərində mənfəət var”.
V.Abbasov qeyd edib ki, gübrələrlə bağlı müəyyən tədqiqatlar aparılıb. Onun sözlərinə görə, ancaq yeni gübrənin bitkilərə təsiri mexanizmi, hansı bitkidə necə təsir edəcəyi, əkin sahəsində bitkiyə nə qədər verilməli olması ilə bağlı müəyyən tədqiqatların aparılmasına ehtiyac var.
Akademik əlavə edib ki, bu gün Azərbaycanda 1 milyon 200 hektara yaxın suvarılan torpaq var: “Ötən il ölkəyə 98 min ton gübrə gətirilib. Azərbaycana gətirilən gübrələrin əksəriyyəti dünyada imtina olunan gübrələrdir. Belə gübrələrin də torpaqda istifadəsi bir çox mənfi hallara gətirib çıxarır. Ümumilikdə isə Azərbaycanda bir milyon tona yaxın gübrə lazımdır”.
APA.az