Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) əsas hədəfi müasir Avropa standartlarına uyğun yanacağın istehsal edilməsidir.
“APA-Economics” xəbər verir ki, bunu ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmmədov Bakıda keçirilən II NQNK Kompleksləri forumunda deyib.
Onun sözlərinə görə, Avropa standartlarına yanacağın istehsal edilməsi Azərbaycanda mazut istehsalından tamamilə imtina olunmasına gətirəcək.
D. Məmmədovun proqnozlarına görə, ölkədə 2,4 mln. ton benzin, 2,7 mln. ton müasir dizel istehsal olunacaq: “Bu da ARDNŞ-ə Gürcüstandakı şəbəkənin tələbatını qismən ödəyəcək”.
Vitse-prezident deyib ki, ölkədə neft emalı zavodlarının modernləşdirilməsi başa çatdıqdan sonra, bütün yanacaq növləri “Avro-5” ekoloji standartına cavab verəcək: “Bitum və maye qaz istehsalı bu standarta uyğun istehsal olunacaq. Bu da bizim gələcək tələblərimizi ödəyəcək. Bitumun 354 min tonunun istehsalı tamamilə mazut istehsalının dayandırılmasına səbəb olacaq. Bununla da 2030-cu ilə qədər bütün növ yanacaqlarla Azərbaycan öz tələbatını tam ödəyəcək”.
O qeyd edib ki, müvafiq inkişaf proqramı çərçivəsində ARDNŞ-in inteqrasiya prosesləri davam edəcək: “İnkişaf proqramı qəbul edildikdən sonra Heydər Əliyev adına Bakı neft emalı zavodu icra qrafikinə əsasən tam müasir standartlara uyğun yanacaq istehsalını təşkil edəcək. Bu yenidənqurma nəticəsində neft və yanacaq daşıyıcılarına olan tələbat tam ödənəcək”.
APA.az