Diplomatların Azərbaycanın bölgələri ilə tanışlığı gözəl təşəbbüsdür
Azərbaycandakı diplomatik korpusun nümayəndələri üçün təşkil edilən infotur ölkənin regionları ilə yaxından tanışlıq baxımından gözəl təşəbbüsdür.
Bu sözləri Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun Şəkidə AzərTAc-ın müxbirinə müsahibəsində söyləyib.
Səfir deyib: “Bundan əvvəl Naxçıvanda, Qubada, Qusarda, Şahdağda olmuşuq. Hazırda qədim tarixi, gözəl təbiəti olan Şəkidəyik. Bu ekskursiya, təbii ki, Azərbaycanın daha yaxşı tanınması baxımından yaxşı imkandır”.
Bakıda yaşayıb fəaliyyət göstərdikləri üçün səfirlərin bir qayda olaraq yalnız bu şəhəri gördüklərini bildirən türkiyəli diplomat qeyd edib ki, Odlar Yurdu Azərbaycanın paytaxtı həqiqətən çox gözəldir. Ancaq Azərbaycanın gözəllikləri yalnız Bakı ilə məhdudlaşmır. Azərbaycanın hər bir guşəsi gözəldir. Bu baxımdan, mən bu ekskursiyanın çox əhəmiyyətli olduğu qənaətindəyəm. Bu infotur, eyni zamanda, səfirlərə bir yerdə olmaq imkanı verir. Biz qeyri-rəsmi şəraitdə həm söhbət edə bilirik, həm də Azərbaycanın gözəlliklərini görürük. Ona görə də bu ekskursiya çox faydalı təşəbbüsdür.
Trend.az