Azərbaycan-Çin əlaqələrinin inkişafında hakim partiyaların dostluq münasibətləri mühüm rol oynayır
Noyabrın 4-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Ümumçin Siyasi Məşvərət Şurasının sədr müavini, Çin Xalq Respublikasının Sülh və Tərksilah Cəmiyyətinin sədr müavini Ma Biao ilə görüşüb.
AzərTAc xəbər verir ki, Əli Əhmədov Çinin yüksək səviyyəli nümayəndə heyətinin Azərbaycana səfər etməsinin ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verəcəyini deyib. Baş nazirin müavini Azərbaycanın xarici siyasətində Çin ilə əlaqələrin inkişafının önəmli yer tutduğunu vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, ölkələrimizin əlaqələrinin möhkəmlənməsinə Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasındakı dostluq münasibətləri də öz töhfəsini verir. Hər iki ölkənin hakim partiyalarının münasibətləri Azərbaycan-Çin əlaqələrinin gələcək inkişafında da mühüm rol oynayacaq.
M.Biao Azərbaycan-Çin əlaqələrinin tarixinin çox qədim zamanlara gedib çıxdığını, qarşılıqlı səfərlərin, keçirilən görüşlərin iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə imkan yaratdığını söyləyib. O, Çinin və Azərbaycanın yaxşı dost və etibarlı tərəfdaş olduqlarını, ikitərəfli siyasi, iqtisadi, mədəni əlaqələrin inkişaf etdiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzərTac.az