Albaniyanın sabiq prezidenti Recep Meydani Azərbaycanda səfərdədir
Albaniyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Recep Meydani Azərbaycanda səfərdədir.
Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2015-ci ilin aprelində keçiriləcək III Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq işlərini müzakirə etməkdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildirilib ki, Recep Meydani Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradovla keçirdiyi görüşdə millətlər və dinlər arasında əməkdaşlığa öz töhfəsini verən Mərkəzin nəinki Azərbaycan, həmçinin bölgə üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Qonaq “Avropada etimadın bərpası” məsələlərinə həsr olunacaq növbəti beynəlxalq Forumun Avropa məkanındakı münaqişələrin dialoq və anlaşma yolu ilə həllinə müsbət təsir göstərəcəyinə ümid etdiyini deyib.
Recep Meydani Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə bir sıra görüşlər keçirməyi planlaşdırır. Onun həmçinin Azərbaycan Xarici Dillər və Dövlət İqtisad universitetlərində mühazirələri də nəzərdə tutulub.
Səfər çərçivəsində qonaq Azərbaycanın bir sıra tarixi yerlərinə, o cümlədən Qəbələ rayonu ərazisindəki qədim alban kilsəsinə baş çəkəcək.
AzərTac.az