Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qətərin Azərbaycandakı səfirini qəbul edib
. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 28-də Qətər Dövlətinin Azərbaycandakı səfiri Mübarək bin Fahad Əl-Tənini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, K. Heydərov bildirib ki, bu yaxınlarda Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Qətər Dövlətinin Daxili İşlər Nazirliyinin 10-cu Təhlükəsizlik və Sabitlik Sərgisində iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri və keçirdiyi görüşlər, habelə səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” iki ölkənin uyğun nazirlikləri arasında əlaqələrin daha da möhkəmlənməsi üçün yaxşı imkanlar yaradır.
Öz növbəsində, səfir Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın daha da inkişaf etdiyini bildirib.
Nazir Mübarək bin Fahad Əl-Təniyə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Apa.az