Azərbaycanın Ekvadordakı ilk səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edib
Azərbaycanın Ekvadordakı səfiri Elnur Sultanov etimadnaməsini Ekvador Prezidenti vəzifəsini icra edən Xorxe Qlasa təqdim edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Ekvadorun Prezidenti Rafael Korreaya çatdıraraq, Azərbaycanın Ekvadorda ilk səfiri kimi iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərəcəyini bildirib.
X.Qlasa Ekvador Prezidenti R.Korreanın Prezident İlham Əliyevə səmimi və xoş salamlarının çatdırılmasını xahiş edərək ölkəsinin Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Ekvadora səfəri çərçivəsində E.Sultanov iki ölkə arasında əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi məqsədilə Ekvadorun xarici işlər naziri vəzifəsini icra edən Leonardo Arizaqa, bərpa olunmayan təbii resurslar naziri Pedro Merizalde, xarici ticarət nazirinin müavini Roberto Betankur və digər rəsmilərlə görüşlər keçirib.
Bundan əlavə, səfir qərargahı paytaxt Kitoda yerləşən Cənubi Amerika Millətləri İttifaqının (UNASUR) baş katibi Ernesto Samper ilə görüş keçirib.
Trend.az