Koreyalı jurnalist Azərbaycan haqqında geniş məqalə hazırlamaq üçün Bakıya gəlib
Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında siyasi, iqtisadi, mədəni sahələrdə sıx əlaqələr var. Dövlət başçılarının qarşılıqlı səfərləri bu əlaqələri yüksək səviyyəyə qaldırıb, əməkdaşlığın yeni istiqamətlərini müəyyən edib.
Bu fikirlər oktyabrın 27-də Koreya Respublikasının Yonhap agentliyinin müxbiri Lim Donq Kun ilə Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) keçirilən görüşdə səslənib.
Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm imkanları haqqında geniş məqalə hazırlamaq üçün ölkəmizə səfərə gələn koreyalı jurnalist Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül qoyub. Qonaq Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib.
AzərTAc-da keçirilən görüşdə ölkələrimiz arasında münasibətlərin inkişafında milli informasiya agentliklərinin rolu vurğulanıb. Baş direktor Aslan Aslanov AzərTAc-ın keçdiyi inkişaf yolu, son illərdə əldə etdiyi uğurlar, dövlət siyasətinin informasiya təminatında agentliyin mövqeyi və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. AzərTAc ilə Koreyanın Yonhap agentliyi arasında informasiya mübadiləsinə dair müqavilə imzalandığını qeyd edən A.Aslanov beynəlxalq və regional media qurumlarında da uğurlu əməkdaşlıq həyata keçirildiyini bildirib. Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Dünya Xəbər Agentliklərinin V Konqresinin 2016-cı ildə Bakıda eyni vaxtda keçiriləcəyi və 2019-cu ilədək bu qurumlara AzərTAc-ın rəhbərlik edəcəyi diqqətə çatdırılıb.
Milli agentliklər arasında əməkdaşlıq əlaqələrinin genişləndiyini söyləyən A.Aslanov OANA İcraiyyə Komitəsinin 2010-cu ildə Seulda keçirilən iclasında iştirak etdiyini, Koreya Respublikasının sürətli inkişafının şahidi olduğunu vurğulayıb. Həmçinin bu ilin iyununda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının AzərTAc-ın ev sahibliyi ilə Bakıda keçirilən iclasında Yonhap Agentliyinin biznes və beynəlxalq məsələlər üzrə müdiri Oh Jae-seokun iştirak etdiyi bildirilib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin səbəbləri, ağır nəticələri, ermənilər tərəfindən törədilən Xocalı soyqırımı barədə koreyalı jurnalistə ətraflı məlumat verilib.
Azərbaycanın uğurlarının Koreya Respublikasında da məmnunluq doğurduğunu söyləyən Lim Donq Kun Yonhap agentliyinin icraçı direktorunun salamlarını çatdırıb, səmimi görüşə görə minnətdarlığını bildirib, ölkəmiz haqqında yazacağı məqalə üçün mükəmməl proqram hazırlandığını qeyd edib.
Yonhap-ın müxbiri Bakıya səfəri çərçivəsində AzərTAc-ın jurnalistləri ilə təcrübə mübadiləsi aparacaq, agentlikdə həyata keçirilən yeniliklərlə tanış olacaq, ölkəmizin regionlarına gedərək “İmage” jurnalı üçün geniş məqalə hazırlayacaq.
AzərTac.az