Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Beynəlxalq konfrans keçirilib
Qloballaşma şəraitində cinayətkarlığın beynəlxalq və regional problemlərini müəyyən etmək, onların təhlilini aparmaqla profilaktikası istiqamətlərini araşdırmaq və beynəlxalq təcrübəni öyrənmək məqsədi ilə Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında “Regional cinayətkarlığın kriminoloji tədqiqinin aktual problemləri” mövzusunda ikinci beynəlxalq elmi-praktik konfrans keçirilib.
Bu barədə AzərTAc-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, qonaqlar əvvəlcə ulu öndər Heydər Əliyevin Akademiyanın həyətindəki abidəsini ziyarət edərək önünə əklil qoyublar.
DİN-in Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev çıxışında ictimai münasibətlərin qloballaşma şəraitində sürətli inkişafının cinayətlərin yeni növlərinin yaranmasına, cinayətkarlığın kəmiyyət və keyfiyyət göstəricilərinin daha dinamik dəyişkənliyinə təkan verdiyini bildirib. Qeyd edib ki, məhz bu səbəbdən mürəkkəb və ziddiyyətli məzmuna malik qloballaşma prosesi cinayətkarlığın sistemli və detallaşdırılmış təhlilini, profilaktik tədbirlərin strateji əsaslarının yaradılması istiqamətlərinin araşdırılmasını, cinayətkarlığın beynəlxalq və regional problemlərinin öyrənilməsini zəruri edir.
Konfransda bir çox xarici ölkələrin və Azərbaycanın tanınmış hüquqşünas alimlərinin, təhsil müəssisələrinin və hüquq mühafizə orqanları əməkdaşlarının məzmunlu araşdırmalar və təkliflərlə zəngin olan çıxışları dinlənilib.
Beynəlxalq tədbirdə Rusiya, Türkiyə, Ukrayna, Belarus, Moldova və Tacikistan Daxili İşlər nazirliklərinin, eləcə də aidiyyəti təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Konfransa, həmçinin ölkəmizin hüquqşünas alimləri, Azərbaycan Milli Elmlər Akademiyasının, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin, Ədliyyə, Gömrük, Dövlət İdarəçilik, Milli Aviasiya akademiyalarının, Qafqaz Universitetinin, Baş Prokurorluğun və daxili işlər orqanlarının nümayəndələri də qatılıblar.
Daha sonra xarici ölkələri təmsil edən qonaqlarla Azərbaycanın hüquqşünas alimləri arasında fikir mübadiləsi aparılıb.
AzərTac.az