29 əlil Türkiyəyə bərpa müalicəsinə yola salınıb
Son iki ayda artıq 115 nəfərdən çox əlilliyi olan şəxsin xaricə bərpa müalicəsinə göndərilməsi təmin edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 29 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyəyə ixtisaslaşmış bərpa müalicəsinə yola salınıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, onlar Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində təbii müalicəvi resurslardan istifadə olunmaqla, bərpa-müalicə kursu keçəcəklər.
ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev Nobel Tibb Mərkəzində Dənizli bölgəsinin zəngin müalicəvi təbii resurslarından, innovativ texnologiyalardan istifadə edilməklə yüksək səviyyəli həkim-reabilitoloqlar tərəfindən səmərəli fizioterapevtik bərpa-müalicə üsullarının tətbiq edildiyini bildirib: “Burada hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s. növlərdə müalicə kursları aparılır və bu kurslar ən çətin sağalan bir sıra xəstəliklərin, o cümlədən xroniki xəstəliklərin müalicəsində effekt verir. Mərkəzdə bərpa-müalicə kursunda olmuş əlilliyi olan şəxslər öz səhhətlərində yaxşılaşma hiss etdiklərini bildirirlər. Hazırda göndərilən qrup da daxil olmaqla Nazirlik tərəfindən son iki ayda artıq 115 nəfərdən çox əlilliyi olan şəxsin həmin mərkəzə göndərilməsi təmin edilib”.
Şöbə müdiri əlavə edib ki, mərkəzə göndərilən əlilliyi olan şəxslər orada 5 ulduz oteldə yerləşdirilirlər. Onlara bütün müvafiq xidmətlər göstərilir. Nazirliyin həkimi də Türkiyəyə ezam olunur və həm əlilliyi olan şəxslərimizə mərkəzdə xidmətlərin göstərilməsinə nəzarət edir, həm də oradakı reabilitasiya təcrübəsini öyrənir: “Sağlamlıq imkanları məhdud uşaqların da xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkili diqqətdə saxlanır. İyun ayında nazirlik ixtisaslaşmış bərpa müalicəsinə ehtiyac duyan sağlamlıq imkanları məhdud uşaqların da Türkiyədəki Nobel Tibb Mərkəzinə göndərilməsinə başlayacaq. Bu il valideynlərindən birinin müşaiyəti ilə 75 nəfər belə uşağın həmin mərkəzə göndərilməsi təmin ediləcək“. S.Abdullayev ötən illə müqayisədə bu il 20 faizədək çox əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə bərpa-müalicəsinin təşkilinin nəzərdə tutulduğunu bildirib.
Yola salınan əlilliyi olan şəxslər onların tibbi-sosial reabilitasiyasına, həmçinin xaricdə ixtisaslaşmış bərpa müalicəsinə göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Trend.az