2016-2017-ci tədris ilindən 124 məktəbdə təhsil təmayüllər üzrə təşkil olunacaq
2016-2017-ci tədris ilindən Azərbaycanın 5 şəhər və 36 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb.
Əmrə əsasən, yeni tədris ilindən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri, Abşeron, Lənkəran, Quba, Bərdə, Tovuz, İsmayıllı, Şəki, Ağcabədi, Yevlax, Xaçmaz, Samux, Neftçala, Zaqatala, Cəlilabad, Şamaxı, Siyəzən, Şabran, Qusar, Qəbələ, Balakən, Salyan, Masallı, Biləsuvar, Sabirabad, Saatlı, Kürdəmir, Göyçay, Zərdab, Beyləqan, Ağdaş, Goranboy, Göygöl, Tərtər, Şəmkir, Qazax, Ağstafa rayonları üzrə tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi nəzərdə tutulmuş yeni pilot ümumi təhsil müəssisələrinin siyahısı təsdiq edilib.
Təmayül sinifləri, mövcud qaydalara uyğun olaraq, şagirdlərin sayı ən azı 20 nəfər olmaqla komplektləşdiriləcək.
Müəyyən olunmuş pilot məktəbləri müvafiq təmayüllər üzrə tədris planı və fənn proqramları ilə təmin ediləcək. Təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işlərinin aparılması, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlərin görülməsi, təmayül fənlərini tədris edən müəllimlər üçün təlimlərin təşkil olunması nəzərdə tutulur.
Qeyd edək ki, tam orta təhsilin təmayülləşməsi üzrə pilot layihə Bakı şəhərindəki 5 məktəbdə 2011-ci ildən tətbiq olunmağa başlanıb. Bu məktəblər üçün fənlərin sayı azaldılmaqla xüsusi tədris planları təsdiq edilib, təmayül fənlərinin genişləndirilmiş proqramları hazırlanıb. Həyata keçirilən pilot layihənin nəticələri müsbət qiymətləndirildiyi üçün bu müəssisələrin şəbəkəsinin genişləndirilməsi məqsədəuyğun sayılıb və 2015-2016-cı dərs ilindən daha 50 məktəbdə (Bakı – 33, Sumqayıt – 5, Mingəçevir – 4, Gəncə – 3, Şirvan – 1, bilavasitə Təhsil Nazirliyi tabeliyində – 4) 4 təmayül (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət) istiqamətində tədrisə başlanıb. Beləliklə, 2015-2016-cı tədris ilində 58 məktəbdə 176 sinif komplektində təxminən 3700 nəfərə yaxın şagird X sinifdə təmayüllər üzrə tədrisə cəlb olunub.
İndiyədək əldə olunan nəticələrin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyil və arzularına uyğun təşkil edildiyi üçün onlarda təlimə marağı xeyli artırıb, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edib.
Apa.az