Zəngilanın işğalının 20-ci ildönümü ABŞ-da anılıb

Posted by

Zəngilanın işğalının 20-ci ildönümü ABŞ-da anılıb

Zəngilanın işğalının 20-ci ildönümü ABŞ-da anılıbZəngilanın işğalının 20-ci ildönümü ABŞ-da anılıb

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən davam edən işğalı və xalqımızın üzləşdiyi ədalətsizliyin ABŞ ictimaiyyətinə çatdırılmasına yönəlmiş fəaliyyət çərçivəsində Azərbaycanın Vaşinqtondakı səfirliyi oktyabrın 29-da Zəngilan rayonunun işğalının 20-ci ildönümünü yad etmək üçün xüsusi mərasim təşkil edib.

Gün.Az-a səfirlikdən bildiriblər ki, mərasim iştirakçıları Zəngilan rayonu və eləcə də ondan əvvəl Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların erməni qəsbkarları tərəfindən işğal olunmasının Azərbaycan xalqına gətirdiyi ağrı-acıları dilə gətiriblər.

Ötən 20 ilin xalqımızın bu doğma torpaqları geri qaytarmaq qətiyyətini zərrə qədər sarsıtmadığı, Azərbaycanın haqq-ədalət işinin sonunda uğur qazanacağına inam ifadə olunub. Azərbaycan diplomatiyasının beynəlxalq aləmdə erməni işğalçılarına qarşı təzyiqlərinin ildən-ilə gücləndiyi vurğulanıb, eyni zamanda ölkə rəhbərliyinin birbaşa diqqət mərkəzində olan ordu quruculuğu sahəsində ciddi fəaliyyətin aparıldığı xatırladılıb.

Azərbaycanın məruz qaldığı işğal ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımızın fərdi və kollektiv şəkildə mütəşəkkil fəaliyyətinin əvəzsiz bir əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Daha sonra tədbir iştirakçılarına Zəngilanın coğrafi mövqeyi, təbiəti, tarixi, mədəni abidələri və rayon əhalinin münaqişə illərində nümayiş etdirdiyi şücaət haqqında xüsusi təqdimat nümayiş etdirilib.

Nəhayət, tədbirdən dərhal sonra səfirlik tərəfindən Zəngilanın işğal günü ilə bağlı hazırlanmış müvafiq mətbuat buraxılışı ABŞ-ın rəsmi dairələri, yerli ictimai təşkilatlar və çoxsaylı kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılıb. Səfirliyin “Zəngilan: iki onillik qeyri-qanuni işğal” başlıqlı mətbuat buraxılışı “Yahoo! News”, “Reuters”, “Heraldonline” başda olmaqla ABŞ-ın 100-dən artıq aparıcı məlumat mənbələrində yayılıb.